Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Hüseynov Şirməmməd Ağaməmməd oğlu (1924) Jurnalist

17 dekabr 1924-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1940-cı ildə Şəki şəhəri M.F.Axundov adına 2 saylı orta məktəbi bitirib, 1940-1942-ci illərdə Şəki 2 illik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsində oxuyub. 1945-1950-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspiranturasında təhsil alıb. 1954-cü ildə MDU-nun Jurnalistika fakültəsinin Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edib. 1988-ci ildə professor elmi adı alıb.

1954-cü ildən BDU-nun Filologiya fakültəsi jurnalistika kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Jurnalistika kafedrasında baş müəllim, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976-1980-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri vəzifələrində çalışıb. Hazırda həmin kafedranın professorudur.

1988-ci ildə Respublikanın Əməkdar jurnalisti fəxri adını alıb. “Qızıl qələm” mükafatı (1966 və 1972), Zərdabi mükafatı laureatı (1991), Y.Məmmədəliyev adına mükafat (1992), M.Ə.Rəsulzadə adına mükafat (1998), I dərəcəli Ali Media mükafatı (2009), Z.Xəlilov adına mükafat (2013) alıb. 2005-ci ildən Prezident təqaüdçüsüdür.

Elmi fəaliyyətini, əsasən, Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edib. Mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən yuxarı elmi və elmi-publisistik məqalənin müəllifidir. Rəhbərliyi ilə 5 nəfər elmlər namizədi hazırlanmışdır.

SSRİ Ali Təhsil Nazirliyi jurnalistika üzrə Elmi-Metodiki Şurasının, SSRİ Jurnalistlər İttifaqının sovet mətbuatı, televiziya və radio tarixinə, jurnalistikanın nəzəriyyə və təcrübəsinə dair əsərlərin Ümumittifaq müsabiqə komissiyasının üzvü olub. Hazırda Jurnalistika fakültəsi Elmi Şurasının üzvüdür.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009