Nüsrət Kəsəmənli 1966-1971-ci illərdə ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır. 19781985-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur. N.Y.Kəsəmənli 1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şeirinə musiqi bəstələnmişdir. «Boş kəndlərin harayı», «Mövzu üzrə improvizasiya», «Ənbizlərin keşiyində», «Sovet Azərbaycanına səyahət» və s. sənədli filmlərin, «Afroditanın qolları», «Qarabağ əhvalatı» bədii filmlərin ssenari müəllifi olmuşdur. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak etmişdir. Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultaylarında idarə heyətinin üzvü, Poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında baş redaktor işləmişdir. «Dünyaya pəncərə» sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur.