Osman Mirzəyev 1937-ci il aprelin 13-də Bakının Keşlə qəsəbəsində anadan olmuşdur. Orta təhsilini ilk Qırmızı Əmək Bayrağı ordenli 190 saylı məktəbdə alan Osman Mirzəyev, 1956-cı ildə S.Kirov adına Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. Hələ tələbə ikən o, həmin dövrdə çox populyar olan "Molodyoj Azerbaydjana" qəzeti ilə sıx əməkdaşlıq etməyə başlamışdır. Məhz bu qəzet jurnalist-Mirzəyevin dünyagörüşünün formalaşmasında, yaradıcılıq inkişafının yüksəlməsində mühüm rol oynamışdır.
ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra o, "Molodyoj Azerbaydjana" qəzetində 7 il müddətində əmək fəaliyyətini davam etdirmişdir. Gənclərin mətbu orqanında sıravi tərcüməçi kimi işə başlayan Osman Mirzəyev sonralar bu qəzetin məsul katibi vəzifəsinədək yüksəlmişdir. 1968-1990-cı illərdə "Vışka"da çalışan Osman Mirzəyev qəzetin ən mühüm şöbələrindən olan partiya həyatı və təbliğat şöbəsinin müdiri vəzifəsindən məsul katib vəzifəsinədək böyük yaradıcılıq yolu keçmişdir. Daha sonra, 1978-ci ildə isə o, redaktor müavini vəzifəsinə təyin olunmuşdur. İşlədiyi illər ərzində rəhbərlik etdiyi şöbələr partiya həyatının , elm, təhsil və mədəniyyət sahələrinin aktual problemlərinə həsr olunmuş mühüm məsələləri işıqlandırmışdır. Osman Mirzəyevin təşəbbüsü ilə "Vışka" qəzetinin nəzdində yaradılan fəhlə-müxbirlər məktəbi bir neçə il ərzində fəaliyyət göstərmişdir.
Osman Mirzəyev Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı ilə təltif edilmiş, 1988-ci ildə isə mətbuat sahəsində göstərdiyi xidmətlərə görə "Azərbaycan SSR-in Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. "Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl", "Qartal uçuşda" kitablarının müəllifidir. Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibi (1990-1991) işləmişdir. 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur.