Bəxtiyar Sadıqov 1951-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1965-ci ildə Ağdam Şəhər 4 nömrəli səkkizillik məktəbini bitirmiş. 1965-1969-cu illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda oxumuşdur. 1969-cu ildə “Ağac biçmə və ağac emalı texnologiyası” üzrə texnik - texnoloq ixtisasına yiyələnmiş, fərqlənmə diplomu aldığına görə pedoqoji sovetin qərarı ilə ali məktəbə oxumağa ezam edilmişdir. Həmin ili Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinə daxil olaraq 1974-cü ildə oranı da fərqlənmə diplomu ilə bitirmişdir. Texnikumda oxuyarkən texnikum üzrə tələbə həmkarlar təşkilatının sədri, Universitetdə isə Jurnalistika fakultəsinin komsomol təşkilat katibi seçilmişdir. Texnikumu qurtardıqdan sonra 6 ay - 1969-cu ilin aprelindən - sentyabrınadək Ağdam şəhər Kommunal Təsərrüfatı idarəsində fəhlə, BDU-nu qurtardıqdan sonra isə 8 ay - 1974-cü ilin sentyabrından 1975-ci ilin aprelinədək “Azərbaycan” nəşriyyatının qəzet-jurnal sexində çeşidləyici işləmişdir. 1975-ci ilin aprelindən “Abşeron” qəzetində əvvəlcə korrektor, sonra müxbir, kənd təsərrüfatı şöbəsinin müdiri, redaktor müavini vəzifələrində çalışmışdır.
1986-cı ildə “Kommunist” qəzetinə dəvət edilmişdir. 1986-cı ildən 1991-ci ilədək “Kommunist” qəzetində baş müxbir və kənd təsərrüfatı şöbəsinin müdiri işləmişdir. 1991-ci ildə yeni nəşrə başlayan “Həyat” qəzetinə dəvət edilmişdir. 1992-ci ilədək “Həyat” qəzetində zona müxbiri işləmişdir. “Həyat” qəzeti “Azərbaycan” qəzeti ilə birləşdirilərkən əvvəlcə hər iki qəzetin Qarabağ bölgəsi üzrə xüsusi - hərbi müxbiri işləmişdir. Daha sonra “Azərbaycan”ın müxbiri, şöbə müdiri olmuşdur. 2002-ci ilin aprelindən hal-hazıradək “Azərbaycan” qəzetinin baş redaktorudur. Ehtiyatda olan zabit, kapitandır.
2002-ci ildən «Azərbaycan» qəzetinin baş redaktorudur. Milli Məclisin III çağırış deputatı, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
Əməkdar jurnalistdir. İki dəfə «Qızıl qələm» mükafatı laureatıdır. 3 kitabın müəllifidir.