Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Səfərli İslam Əhməd oğlu (1923-1974) - Əməkdar incəsən xadimi, şair

Səfərli İslam Əhməd oğlu (1923-1974) - şair-dramaturq, tərcüməçi, əməkdar incəsənət xadimi olan ədib 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. "Sınaq gecəsi", Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdur. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun "İki qardaş" (1950), "Badamlı kəndinin qızı" (1955) oçerkləri, "Təzə qəsəbədə gülüş", "Məzhəkli itki" (1973) novellaları, "İki könül bir olanda" (1947) balet-librettosu, "Şərqin qalibləri" (1960), "Bir stəkan çay" (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir. İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A.S. Puşkin, M.M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.

Şairin "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı, gözü qara qız", "Ağ xalatlı həkimlər", "Gəncliyimi gəzirəm", "Aylı gecələr" və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya çevrilmişdir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009