22 fevral 1960-cı ildə anadan olmuşdur. 1977-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə Bakıda Səməd Vurğun adına ev-muzeyin əməkdaşı kimi işə qəbul edilmişdir. 1985-1988-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat institutunda Ədəbi tənqidin tarixi və nəzəriyyəsi ixtisası üzrə əyani aspiranturada təhsil almışdır. 1989-cu ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat institutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, 2003-2005-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin «Azərbaycan dili və ədəbiyyatı» kafedrasında baş müəllim vəzifələrində çalışmışdır. 2005-ci ildən BDU-nun Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiridir. 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyinin XI qurultayında AYB-nin İdarə Heyətinin üzvü seçilib. 2006-cı ildən BDU-nun Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professorudur. BDU-da fəaliyyət göstərən D.02.181 Dissertasiya Şurasının üzvüdür. «Əməkdar jurnalist» fəxri adına (2009), Azərbaycan Mətbuat Şurasının təsis etdiyi «Ali Media mükafatı»na (2010) layiq görülmüşdür.
Azərbaycan ədəbiyyatının elmi-tarixi əhəmiyyəti, ədəbi tənqidin tarixi və nəzəri xüsusiyyətləri, milli mətbuat və jurnalistikanın inkişaf mərhələləri haqqında çoxsaylı monoqrafiya və məqalələrin müəllifidir. Elmi rəhbərliyi ilə 2 elmlər doktoru və 11 fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2012-ci ildən BDU-nun Jurnalistika fakültəsinin dekanıdır. Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin, BDU Elmi Şurasının, Bakı Dövlət Universitetinin Xəbərləri jurnalının Humanitar elmlər seriyasının redaksiya heyətinin üzvüdür. Çoxsaylı elmi-nəzəri məqalələrin, publisistik yazıların müəllifidir. Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq edib. «Qaynaqlar», «Sənətə qayğı», «Dövran» kimi silsilə verilişlərin müəllifidir.