Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

100 yaşlı universitetin 50 yaşlı jurnalistika fakültəsi

28/11/2019

Bakı Dövlət Universiteti – 100

Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Başa çatmasına 1 aydan bir az artıq vaxt qalmış 2019-cu ilin ən yadda qalan hadisələrindən biri də, şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi yadigarlarından olan Bakı Dövlət Universistetinin 100 illik yubileyinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə və ondan kənarda təntənə ilə qeyd edilməsi olacaq. İl boyu davam etmiş yubiley tədbirlərinin zirvəsi isə noyabrın 26-da ölkə paytaxtının əzəmətli Konqres Mərkəzində dövlət başçısının iştirakı ilə keçirilən təntənəli mərasim oldu. Prezident İlham Əliyev yubiley toplantısında söylədiyi geniş və dərin məzmunlu nitqində 100 il əvvəl Bakı Dövlət Universitetinin yaradılmasını xalqın ictimai şüur səviyyəsinin yetkinliyinin və suverenliyimizin gerçəkləşdirilməsi zəruriliyinin ­­siyasi-mədəni göstəricilərindən biri kimi səciyyələndirdi.


Ölkə rəhbəri türk-müsəlman Şərqinin Azərbaycanda ərsəyə gəlmiş ilklərindən biri olan birinci sivil ali təhsil ocağının respublikamızın sonrakı ictimai-siyasi və elmi-mədəni inkişafında rolunu yüksək qiymətləndirərək qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini uğurla davam etdirmişdir. Yüz il ərzində ölkənin bu ilk ali təhsil müəssisəsinin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. 
Prezident İlham Əliyev ötən 1 əsrdə BDU-nun çoxminli yetirmələri olan məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxdığını vurğulayaraq bildirdi ki, onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir.  Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir.
Daha sonra ümummilli lider Heydər Əliyevin sovet dövründə dövlətçilik yaddaşımızın qorunub yaşadılmasında, müstəqilliyimizin qazanılımasında və qorunub möhkəmləndirilməsində müstəsna xidmətlərindən də söhbət açan dövlət başçısı söylədi ki, yeni nəsil bu həqiqətləri dərindən bilməli və dövlətçiliyimizə daim sadiq olmalıdır: “Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır”.
Doğrudan da, Azərbaycanda iqtisadi və sosial islahatların həyata keçirilməsi, vətəndaş həmrəyliyi mühitinin bərqərar olması, sağlam mənəvi dəyərlərin formalaşması yolunda atılan uğurlu addımlar kütləvi informasiya  vasitələri qarşısında mühüm vəzifələr qoyur. Ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələri önəmli rol oynayır. Yaradılmasının 100 illiyini bugünlərdə təntənə ilə qeyd etdiyimiz Bakı Dövlət Universitetinin mövcudluğunun 50-ci ilində ayrıca ali ixtisas strukturu kimi fəaliyyətə başlamış jurnalistika fakültəsinin çoxsaylı məzunlarının peşəkar fəaliyyəti bu prosesdə aydın görünür və yüksək dəyərləndirir. 
Artıq bir əsrlik tarixi olan Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində  jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası sovet dövründə Azərbaycan Dövlət Universisteti adlanan indiki BDU-nun pedoqoji fakültəsində jurnalizm və bibliologiya kafedrasının yaradılması ilə ilk olaraq 1928-ci ildə qoyulmuşdur. Müəyyən fasilədən sonra 1945-ci ildən ADU filologiya fakültəsinin nəzdində yaradılan jurnalistika şöbəsi 25 il bir kafedra– jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunmuşdur. 
Kafedraya ilk illərdə təcrübəli qəzet işçisi, tanınmış dövlət və ictimai xadim Həsən Şahgəldiyev rəhbərlik etmişdir. Onunla birlikdə milli jurnalist kadrlarının hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri– Nəsir İmanquliyev, İsrafil Nəzərov, Qılman Musayev (İlkin), Rza Quliyev, Cümşüd Əzimov da qoşulmuşlar. Akademik Məmməd Arif Dadaşzadə, professorlar Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev də gələcək jurnalistlərin ilk müəllimləri sırasında olmuşlar. Şöbənin ­birinci buraxılış məzunları 1950-ci ildə Azərbaycanda ilk dəfə ali jurnalistika ixtisası diplomları almışlar. Düz 50 il əvvəl isə - 1969-cu ildə jurnalistika şöbəsi ayrıca fakültəyə çevrilmişdir. Onun ilk dekanı professor Nurəddin Babayev (1969-1970) olmuşdur. 
Ümummilli lider Heydər Əliyevin zəruri əsaslarını yaratdığı müstəqil dövlətimizdə azad, demokratik medianın inkişaf etdirilməsi siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycan jurnalistikasının qarşısında yeni imkanlar və yollar açmaqdadır. Bu isə, təbii ki, həm ölkə mediasının, həm də media vasitələri üçün peşəkar kadr hazırlayan fakültənin kollektivi üzərində yeni və əhəmiyyətli vəzifələr qoyur.  
Həmişə dövlətin strateji maraq sahəsi hesab olunmuş təhsil, onun inkişaf dinamikası, dünyanın qabaqcıl təhsil qurumları ilə inteqrasiya Azərbaycan müstəqillik əldə etdikdən sonra daha ön mövqeyə çıxmışdır. Bu, jurnalistika fakültəsinə də xeyli keyfiyyət və kəmiyyət dəyişkliyi gətirmişdir. “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir”- deyən ümummilli lider Heydər Əliyevin jurnalistikanın çoxspektrliliyinə verdiyi belə dəqiq səciyyə bugünkü tələbəyə– sabahın məzununa kifayət qədər universal peşə vərdişləri aşılamaq zərurətini bir daha aktuallaşdırır. Təhsil sistemində strateji dəyişikliklər və çevik taktiki addımlar da məhz həmin zərurətdən doğur. 
Şübhəsiz ki, bu il 50 yaşı tamam olan, ölkəmizdə ali jurnalistika təhsili ocağı sayılan BDU-nun jurnalistika fakültəsində son bir neçə ildə görülən işlər barədə məlumat, bir növ hesabat vermək, bu baxımdan maraqlı olardı. 
Bu gün Azərbaycanda ali jurnalistika təhsilinin yeni konsepsiyası formalaşmaqdadır. Əgər sovet dövründə peşəkarlıqla yanaşı gələcək mütəxəssisin dünyagörüşünü, həyata fəlsəfi baxışlarını, yaradıcılıq düşüncələrini vahid prizmadan formalaşdırmaq başlıca məqsəd sayılırdısa, indi bu yanaşma üsulundan imtina təhsildə plüralist, demokratik təsisatlara yol açmış,  sabahın jurnalistlərinə müxtəlif ictimai-siyasi proseslərə fərdi yanaşma üsullarını formalaşdırmaq imkanı verməkdədir.
Jurnalistika dinamik peşədir və şübhəsiz ki, daim yenilənir və bu ixtisasın ardınca gedənlərin qarşısında ciddi tələblər qoyulur. Bu səbəbdən, artıq yalnız auditoriya saatları ilə kifayətlənmək olmur, eyni zamanda, sabahın jurnalistləri üçün müxtəlif treninqlər və kurslar, təlimlər təşkil edilir. Məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrimizə həm də praktik vərdişlər aşılamaqdır. Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, fakültəmizdə bunun üçün hər cür şərait mövcuddur. Nəzəriyyə ilə praktikanın vəhdətini özündə təcəssüm etdirən jurnalistika ixtisası üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması, bu baxımdam yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir.
Bu gün mediadan gözləntilər çoxdur. Bu gözləntilərə cavab verəcək, peşəkar jurnalistlərin hazırlanması isə ciddi əhəmiyyət daşıyır.
Hazırda təhsilin üç dildə aparıldığı (Azərbaycan, rus və ingilis) fakültəmizdə bakalavr pilləsinə bir– jurnalistika; magistratura pilləsinə isə 7 ixtisas– teleradio jurnalistikası, beynəlxalq jurnalistika, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, publisistik jurnalistika, mətbuat tarixi, radioteleviziya yayım menecmenti, media və kommunikasiya sistemləri üzrə qəbul keçirilir. Fakültədə tədris, elmi-metodik mərkəz kimi 4 kafedra- jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, mətbuat tarixi və ideoloji iş metodları, televiziya və radio jurnalistikası, beynəlxalq jurnalistika kafedraları; 1 tədris-teleradio studiyası; 1 qəzet laboratoriyası; 1 elmi tədqiqat laboratoriyası; “Barama” media mərkəzi, “Füyuzat” mərkəzi və online media otağı fəaliyyət göstərir.
Nəzəri biliklərlə yanaşı, birbaşa praktik yöndən də tələbələrimizin müasir tələblərə cavab verən peşəkar kadr olaraq hazırlanmasını təmin etmək məqsədi ilə son bir neçə ildə əsasən bir necə istiqamətdə iş aparılır:
Praktik işlər. Fakültəmizdə 1984-cü ildən tədris-teleradio studiyası fəaliyyət göstərir. 2016-cı ildə TİKA-nın maliyyə dəstəyi ilə təmir edilən və ən müasir texniki avadanlıqlarla təchiz edilən yenilənmiş tədris studiyasında fakültə tələbələri tərəfindən müxtəlif teleradio verilişləri hazırlanır. Həftədə bir dəfə 3 dildə- Azərbaycan, rus və ingilis dillərində ”BDU TV XƏBƏRLƏR” informasiya bloku təqdim edilir. 
Eyni zamanda “Gələcəyin sədası”, “Riyazi reallıq” kimi maarifləndirici, “Maraq nöqtəsi”, “Tələbə bileti” adlı analitik televerilişlər, “BDU RADİO” studiyasında isə “Bu gün” və ­“Expromt” adlı maarifləndirici və musiqili radioverilişlər hazırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş   32 dəqiqəlik “100 ilin təntənəsində” sənədli filmi hazırlanaraq yayıma təqdim edilmişdir. Bundan əlavə, tələbələr “Bir ömürdə iki tale”, ”Qazi”, “Uğurun başlanğıcı”, ”Heykəltaraş”  adlı sənədli filimlər də hazırlamışlar. Verilişlərimiz “BDU TV” “YOUTUBE” kanalı və sosial şəbəkələr vasitəsi ilə yayımlanır.
Fakültə tələbələrinin birbaşa iştirakı ilə “Jurnalist” tədris qəzetinin hazırlanması işi də uğurla davam etdirilir. Qəzetdə gedən materiallar, eyni zamanda, “525-ci qəzet” və “Şərq” qəzetlərinin xüsusi əlavələri olaraq yayılır. 
2017-ci ildə BDU-nun “Azercell” Telekom MMC ilə əməkdaşlığı çərçivəsində jurnalistika fakültəsində “Barama” media mərkəzinin açılışı da əhəmiyyətli hadisə oldu. “Azercell” və PAŞA Bankın dəstəyi ilə yaradılan bu mərkəzin məqsədi media mövzusunda təlim və seminarlar, görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələrin zəruri bilik və bacarıqlara yiyələnmələri üçün onları müxtəlif layihə, proqramlara cəlb etməkdir. 
2019-cu ilin may ayının 22-də jurnalistika fakültəsinin nəzdində “Füyuzat” mərkəzinin açılışı oldu. Mərkəzin xətti ilə artıq ödənişsiz əsaslarla “media dizayn” kursları keçirilməkdədir və daha bir neçə kursun təşkili nəzərdə tutulur. 
Treninqlər. 2017-ci ildən başlayaraq tələbələrimiz üçün praktik treninq və seminarların təşkil edilməsinə xüsusi diqqət ayrılıb. Treninq və seminarar dərs saatlarından kənar vaxtda təşkil edildiyindən tədrisə mane olmadığı kimi, əksinə, nəzəri biliklərin praktik yöndən daha da möhkəmlənməsinə, eləcə də tələbələrimizin ixtisasa daha da bağlanmalarına səbəb olmaqdadır. Bu mənada tələbələrimiz üçün keçirilən üç treninqi xüsusi vurğulamaq istərdik.
“Jurnalistlər klubu”nun yaradılmasında başlıca məqsəd gənc jurnalistlərin bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirmək, onların peşəkar kadr olaraq hazırlanması işinə dəstək olmaqdır. 
“Beynəlxalq jurnalistika məktəbi”nin yaradılmasında  başlıca məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq jurnalistikanın, xarici media sistemlərinin, beynəlxalq təşkilatların media siyasətinin, diplomatiya və jurnalistikanın qarşılıqlı əlaqələrinin, qlobal informasiya məkanında informasiya təhlükəsizliyinin, informasiya müharibəsinin və digər mövzular üzrə təlimlərin keçirilməsi olub. “Tələbədən tələbəyə” treninqində isə həm dinləyicilər, həm də təlimçilər tələbələrimizdir. Təlimin özəlliyi ondan ibarətdir ki, daha çox təcrübəsi olan yuxarı kurs tələbələri öz bilik və vərdişlərini aşağı kurslarda təhsil alan yoldaşları ilə bölüşürlər. 
Jurnalistika fakültəsi, eyni zamanda, son bir ildə müxtəlif dövlət strukturları və nazilriklərlə də müştərək treninq və təlimlərin təşkilinə ciddi önəm verməkdədir. Bununla əlaqədar olaraq 2019-cu ilin fevral ayında Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Aqrar jurnalistika”, may ayında isə Vergilər Nazirliyi ilə birgə təşkil edilmiş “İqtisadi jurnalistika” təlim kurslarını qeyd etmək lazımdır. Hər iki kursda tələbələrimiz aktiv iştirak etməklə yanaşı, müvafiq sertifikatlarla da təltif ediliblər. Daha bir neçə nazirliklə profil istiqamətinə uyğun olaraq kursların təşkil edilməsi nəzərdə tutulub.   
Kastinqlər. Tələbələrin gələcəkdə işlə təmin edilməsini təmin etmək məqsədi ilə son bir ildə fakültəmizdə peşəkar media quruluşları rəhbərlərinin iştirakı ilə kastinqlər təşkil edilir. Bu kastinqlərin nəticəsi olaraq yuxarı kurslarda oxuyan tələbələrimizin bir çoxu AzTV, CBS, İTV, ARB, “Real” kimi ölkənin aparıcı televiziya kanallarında, eyni zamanda, bir sıra aparıcı internet portallarında, informasiya agentliklərində iş təklifləri almışlar. Keçirilən bu kastinqlərin nəticəsi olaraq 2018-ci il bakalavr buraxılışının, təqribən, 35 faizi hazırda istehsalatda çalışmaqdadır. 
Görüşlər. Jurnalistika fakültəsində təhsil alan tələbələrin dünyagörüşlərinin geniş olması, onların dövlətimizə və dəyərlərimizə daha möhkəm bağlı olmaları, yad təsirlərə məruz qalmamaları üçün mütəmadi olaraq millət vəkilləri, ictimai-siyasi xadimlər, aparıcı jurnalistlərimiz ilə maarifləndirici görüşlər təşkil edilməkdədir. Son iki il ərzində əlliyədək belə görüş keçirilib. Bu görüşlər haqqında məlumatlar həm universitet, həm fakültənin rəsmi saytlarında, həm də media quruluşlarında geniş işıqlandırılıblar. 
Fakültəmizdə üzərində daimi iş aparıldığı digər əhəmiyyətli istiqamət isə müasir tələblərə cavab verən dərslik və dərs vəsaitlərinin hazırlanması ilə bağlıdır. Media sahəsi, xüsusən internet jurnalistikası çox sürətlə yeniləşir, inkişaf edir. Bu gün ənənəvi media yerini interaktiv, rəqəmsal mediaya verir. İyirmi il bundan əvvəlki xəbər və ya analitik janrların xüsusiyyətləri, hazırda tamamən fərqlidir. Bu səbəbdən də son illərdə yeni tələblərə cavab verən dərsliklər, dərs vəsaitlərinin hazırlanmasına xüsusi önəm verməkdəyik. İstər bakalavr, istərsə də magistratura ixtisaslaşmaları üzrə tədris planlarında da ciddi dəyişikliklər nəzərdə tutulur və bununla bağlı təkliflər hazırlanıb. 2014-cü ildə qəbul edilmiş mövcud tədris planının da yenilənməsinə artıq ciddi ehtiyac var. 
Peşəkar yanaşma, sosial məsuliyyət hissini hər zaman öndə tutmaq və vətəndaş mövqeyindən çıxış etmək  borclu olduğumuz ən vacib məqamlardır. Bu  zamanın tələbi olmaqla, həm də günümüzün reallığıdır. BDU-nun jurnalistika fakültəsinin kollektivi bu önəmli  məqamlardan çıxış edərək yeni nəsil peşəkar jurnalistlərin yetişdirilməsini  ciddi vəzifə olaraq gerçəkləşdirməyə çalışacaq.

 

100 yaşlı universitetin 50 yaşlı jurnalistika fakültəsi.

Vüqar ZİFƏROĞLU,
BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009