Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“1 millət 6 dövlət - Ortaq media (Türkdilli dövlətlərin media platforması)” adlı onlayn Beynəlxalq sosial və humanitar elmlər konfransı keçirilib

18/11/2021

Bakı  Dövlət  Universiteti Jurnalistika fakültəsi və İKSAD (İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu) ilə birgə “1 millət 6 dövlət - Ortaq media (Türkdilli dövlətlərin media platforması)” adlı onlayn Beynəlxalq sosial və humanitar elmlər konfransı keçirib.

Konfransı BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, konfransın sədri, professor Allahverdi Məmmədli açıb.  Konfransın Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin bir illiyinin qeyd edildiyi günlərdə öz işinə başladığını vurğulayan Allahverdi Məmmədli, Türk Dövlətləri Təşkilatının İstanbulda VIII Zirvə görüşündən də söz açıb. Bildirib ki, XXI əsrin 20-ci illər türk dövlətlərinin siyasi, iqtisadi, sosial, mədəni sahədə inkişafı, bir-birinə və dünya çapına inteqrasiyası, çoxqütblü dünyada günü-gündən möhkəmlənən mövqeyi ilə xarakterizə olunur. “1 millət 6 dövlət  Ortaq media” (Türkdilli dövlətlərin media platforması) adlı konfransın bu işlərə ilkin vəsilələrdən biri olacağını bildirən A.Məmmədli onun işinə uğurlar arzulayıb.

Konfransda fakültənin professor heyəti  Cahangir Məmmədli,  Həmid Vəliyev, Qulu Məhərrəmli, Sabir Məmmədli, İzzet Baysal Universitetinin Halkla İlişkiler və Tanıtım fakültəsinin professoru  Himmet Karadal, Qlobal Jurnalistika Konseyinin sədri Mehmet Ali Dim, SODIMER təşkilatının sədri, professor doktor Levent Eraslan, “Yazar” qəzetinin Genel Yayın redaktoru, doktor Servet Avşar, Dünya İletişimcilər Cəmiyyətinin sədri, doktor Şemsettin Kuzeci, Jandarma və Sahil Mühafizə Akademiyası Təhlükəsizlik Elmləri İnstitutu müdiri dosent Tekin Avaner çıxış edib, “1 millət 6 dövlət Ortaq media (Türkdilli dövlətlərin media platforması)” konfransını yüksək qiymətləndiriblər.

Konfransın Elm və Məsləhət Şurasında sədri Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev olmaqla, BDU və Türkiyənin müxtəlif universitetlərindən  ümumilikdə 38 əməkdaş, təşkilat komitəsində isə sədr “Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Aytəkin Zeynalova olmaqla fakültənin professor-müəllim heyəti və əməkdaşlar təmsil olunur.

Konfransa Azərbaycan, Türkiyə, Filippin, Meksika, Mərakeş, İndoneziya, Ruminiya, Qırğızıstan, Qazaxıstandan 186 nəfər professor-müəllim heyəti məqalə təqdim edib. 2021-ci ilin 17noyabr tarixində başlayan və 2 gün davam edəcək konfrans 4 panel və hər panel 9 salondan ibarət olmaqla təşkil edilib. Panellərə  Jurnalistika fakültəsinin professorları Qulu Məhərrəmli, Sabir Məmmədli, dosentlər Sevinc Əliyeva, Aynur Nəsirova, Təranə Mahmudova, Pərvanə İbrahimova, Aygün Əzimova, Aytəkin Zeynalova rəhbərlik ediblər. Fakültə  ilə yanaşı Türkiyə universitetlərinin professor – müəllim heyəti də panel rəhbərləri kimi iştirak ediblər.

Türkiyənin Harran Universitetinin Coğrafiya fakültəsinin professoru Veysi Günal və Mehmet Akbıyık konfransa BDU-dan qoşulub, çıxış edib və sertifikatla təltif olunublar. Eyni zamanda, İKSAD təşkilatının Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərov Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevə, kafedra müdiri Allahverdi Məmmədliyə və "Jurnalistika" ETL-in müdiri Aytəkin Zeynalovaya konfransın, elm və məsləhət şurasının, təşkilat komitəsinin sədrləri kimi təşəkkür plaketini təqdim edib.

“Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasının elmi işçiləri  Afaq Sadıqova, Günay Məmmədova, Nigar Ağayeva və Güney Mahmudova Təşkilat komitəsinin üzvləri olaraq təşəkkür sertifikatı ilə təltif olunublar.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009