20 yanvar - Ümumxalq Hüzn günü
19/01/2012
1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə Qanlı Yanvar günü kimi həkk olunmuşdur. Azərbaycanda suveren, demokratik bir dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də sovet ordusunun hərbi hissələri Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir. Beləliklə, Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz edilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış və qəddarcasına qətlə yetirilmişdir.
Qanlı Yanvar günlərində 147 nəfərin şəhid olması, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması ilə nəticələnən qanlı aksiya xalqımıza qarşı sovet hakimiyyəti illərində həyata keçirilən qətliamların sonuncu mərhələsi idi. Xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək pisləmiş, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi qiymətləndirmişdi.