ARB 24 telekanalının icraçı direktoru, sosiologiya üzrə fəlsəfə doktoru, jurnalist Radik İsmayılov BDU-nun Jurnalistika fakültəsində “Televiziya jurnalistikası” dərsinin qonağı olub. Fənn müəllimi, filologiya üzrə fəlsəfə doktoru Billurə Aslanova qonağı salamlayaraq, fakültədə görməkdən məmnunluğunu ifadə edib və görüşün məqsədi barədə məlumat verib.
Radik İsmayılov illər sonra təhsil aldığı fakültədə olmaqdan və dərsdə iştirak etməkdən çox şad olduğunu bildirib. Bir vaxtlar təhsil aldığı auditoriyaya yeni statusda qayıtmağın qürurverici olduğunu vurğulayan qonaq ötən illərlə müqayisədə həm təhsildə, həm də təcrübədə jurnalistika sahəsində olan yeniliklər haqda danışıb. O, ilk fəaliiyyətə başladığı dövrdə qarşılaşdığı çətinliklər və onlara necə qalib gəlməsindən söz açıb.
Daha sonra qonaq Lider TV, CBC və ARB 24 telekanallarındakı təcrübəsinə əsasən, xəbər buraxılışının hazırlanmasında diqqət yetirilməli olan əsas məqamlar, reportyor işi, redaktə prosesi, teleaparıcının iş özəllikləri,eləcə də xarici ölkədə müxbir postlarının işi, ekstremal jurnalistika haqda geniş məlumat verib. R.İsmayılov jurnalistikanın çətin və məsuliyyətli peşə olduğunu bildirərək, bu işi sevərək işləməyin və hər zaman öz üzərində çalışmağın əsas şərtlərdən olduğunu tələbələrin diqqətinə çatdırıb. Çoxsaylı suallara cavab verən jurnalist daha sonra tələbələrlə fikir mübadiləsi aparıb.
Görüşün sonunda tələbələr dəvəti qəbul edib, görüşə gəldiyinə və təcrübəsini bölüşdüyünə görə qonağa öz təşəkkürlərini bildiriblər.
![]() |
![]() |
![]() |
![]() |