Aslan Əhməd oğlu Aslanov 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 30 ildən artıqdır ki, mətbuatda çalışır. 1975-ci ildən 1990-cı ilədək Ağcabədi, Zərdab, İmişli rayon qəzetlərində, 1990-cı ilin dekabrından 1992-ci ilin noyabrınadək “Xalq qəzeti”ndə işləyib. 1992-ci ildən AzərTAc-da müxbir kimi işə başlayıb, sonra baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə AzərTAc-ın baş direktorunun birinci müavini, 2002-ci ilin oktyabrında isə baş direktoru təyin olunub.
1993-cü ildən 2002-ci ilədək Azərbaycan Prezidentinin xarici ölkələrə səfərlərinin əksəriyyətində AzərTAc-ın xüsusi müxbiri kimi iştirak edib.
“Əməkdar mədəniyyət işçisi” fəxri adı, «Tərəqqi» medalı və «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib. Jurnalistika sahəsində Həsən bəy Zərdabi adına və “Qızıl qələm” mükafatlarının laureatıdır. 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
12 mart 2010-cu il, saat 13:20. 307 saylı auditoriyanın bu il məzun olacaq tələbələri ilk dərslərini AzərTAc-ın baş direktoru Aslan Aslanovun mühazirəsi ilə başlayırlar. 35 illik ayırlıqdan sonra doğma fakültəsinə mühazirəçi qismində dəvət almaq Aslan müəllim qədər onunla 90 dəqiqə keçirən fakültənin müəllim və tələbələri üçün də olduqca xoş idi. Fakültənin dekanı, professor Yalçın Əlizadə də qısa təqdimetmədə bu məqama toxunur və dəvətimizi qəbul etdiyinə görə Aslan müəllimə təşəkkür edir…
Bəli, jurnalistika fakültəsinin 4-cü kurs tələbələri «Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı» seçmə fənnində tədris olunan AzərTAc agentliyi haqqında mühazirəni bu dəfə fənn müəllimi Pərvanə İbrahimovadan deyil, həmin agentliyin baş direktoru Aslan Aslanovun özündən eşidəcəklər. Həm də 1975-ci ildən bu günə kimi taleyini mətbuatla, qələmlə, sözlə bağlayan, sözün həqiqi mənasında, ustad jurnalistdən dərs alacaqlar. AzərTAc haqqında bilmədiklərini öyrənəcək, sonda həm öyüd-nəsihət alacaqlar, həm də iş təklifi …
Mühazirə agentliyin tarixi ilə başlayır...
Baş direktora görə, AzərTAc cəmi 23 ay yaşasa da, tariximizin şanlı səhifələrindən birini təşkil edən, qısa müddət ərzində özünün dövlətçilik atributlarını qəbul edən, dövlət quruculuğu və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində xalqımız üçün taleyüklü tədbirlər görən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin adı ilə bağlıdır. Azərbaycanın çar Rusiyasından ayrılması və Xalq Cümhuriyyətinin qurulması onun Teleqraf Agentliyinin yaranmasını da zəruri edirdi. Çünki Xalq Cümhuriyyəti qurucuları Rusiyanın informasiya təhdidlərinə cavab vermək və informasiya müharibəsində uğur əldə etmək üçün bu agentliyə böyük ehtiyacın olduğunu yaxşı bilirdilər. Cümhuriyyətçilərin informasiya haqqında Qərb təfəkkürlü olması AzərTAc-ın da keyfiyyətində özünü göstərmişdi. Aslanovun fikrincə, XX əsrin əvvəllərindən Bakı neftinin dünya şöhrəti qazanması və xarici ölkələrlə Azərbaycan arasında informasiya mübadiləsinin sürətlənməsi AzərTAc-ın nüfuzunu daha da artırmışdı. 1920-ci il martın 2-də AzərTAc imzası ilə ilk məlumatların «Azərbaycan» qəzetində işıq üzü görməsi ilə onun fəaliyyətinə son verilməsi arasında cəmi 57 günün fərqindən bəhs edən Aslan Aslanovun çıxışından bəlli olur ki, həmin vaxt agentliyin xəbər bülletenləri, bayram günləri də daxil olmaqla, hər gün iki dildə: Azərbaycan və rus dillərində buraxılırdı. Bülletenlərdə gənc Azərbaycan dövlətində baş verən mühüm hadisələr işıqlandırılır, hökumətin gördüyü işlər tarixin yaddaşına yazılırdı. Ölkədə sovet hakimiyyətinin qurulmasından sonra 70 il müxtəlif adlarda: AzQafROSTA, AzərTA, ZaqTA, Azərinform adlanan və ümumən Rusiyanın dövlət agentliyinin bir qolu kimi fəaliyyət göstərən AzərTAc bu illər ərzində də sovet agentlikləri arasında əsas yerlərdən birini tutmuşdu.
Müharibə illərində AzərTA
Aslanov onu diqqətlə dinləyən tələbələrin nəzərinə çatdırır ki, 1941-1945-ci illərin müharibəsi ərəfəsində təbliğat funksiyasına görə, AzərTA öndə gedən informasiya vasitəsinə çevirilmişdi. Müharibənin ilk günlərindən Moskva ilə əlaqələr kəsildiyi üçün Moskvadan bütün xəbərlər adi teleqrafla, hətta radio ilə alınırdı. Agentliyin bütün işçiləri: stenoqrafçılar, makinaçılar, redaktorlar, korrektorlar iş başında olur, hərbi müxbirlərin: Rəsul Rza, Qılman Musayev, Abbas Zamanov, Cəmşid Əmirov, Nüsrət Bağırov, Mixail Pleskaçevski, İsmayıl Hüseynovun döyüşlərin getdiyi ön cəbhədən hazırladıqları reportajları çapa hazırlayırdılar.
Müharibədən sonra
Müharibədən sonrakı illərdə iqtisadi, ictmai-siyasi, mədəni həyatdakı nailiyyətlərin yenidən AzərTA-nın materiallarının başlıca mövzusu olduğunu vurğulayan baş direktor neftçilərin, pambıqçıların əmək qələbələrindən, Bakının, Sumqayıtın və digər şəhərlərimizin yeni tikintilərindən, Azərbaycan alimlərinin elmi axtarışlarından, incəsənət ustalarının uğurlarından, nəhayət, ictimai-siyasi həyatdakı dəyişikliklərdən bəhs edən AzərTA-nın müxtəlif informasiyalarının SİTA vasitəsilə İttifaq və xarici ölkə mətbuatına verilməsini də auditoriyanın diqqətinə çatdırır.
Azərinform
Çıxışdan bəlli olur ki, AzərTA-nın adı növbəti dəfə 1972-ci ildə respublika Nazirlər Sovetinin qərarı ilə dəyişdirilərək Azərbaycan İnformasiya Agentliyi – Azərinform adlandırılıb. Məhz həmin illərdə SİTA Azərinformun hazırladığı xəbərləri dünyaya yaymağa, agentliyə hər cür kömək göstərməyə hazır olduğunu sübut etməyə çalışırdı. SİTA 70-ci illərdə özünün Moskvadakı baş ofisini kompyuterləşdirməyə başlayanda İttifaq respublikaları arasında Ukrinformdan sonra Azərinformu o dövrün müasir «Olivetti» markalı kompyuterləri ilə təchiz etmişdi. Aslanov bunu ümummilli lider Heydər Əliyevin agentliyə olan qayğısı və diqqəti ilə izah edir…
Yenidən AzərTAc
Azərbaycan dövlət müstəqilliyini elan etdikdən bir qədər sonra, 1992-ci il dekabrın 18-də Azərinformun tarixi adı bərpa olundu və o, Azərbaycan Teleqraf Agentliyi – AzərTAc adlandırıldı. Aslan Aslanov fəxrlə bildirir ki, 1995-ci martın 3-də Prezident Heydər Əliyev AzərTAc-ın yenidən təşkil edilməsi haqqında fərman imzalayır. Həmin fərmanla agentliyin tarixi adı saxlanılmaqla ona dövlət informasiya orqanı statusu verilir, əsasən dövlət büdcəsindən maliyyələşdirilməsi müəyyən edilir ki, bununla da agentlik yeni bir dönəmə qədəm qoyur. Dövlət büdcəsindən maliyyələşdirilməyə keçirilməsi, kreditor borclarının silinməsi, agentliyin bütünlüklə kompyuterləşdirilməsi üçün xüsusi vəsaitin ayrılması, bir sıra xarici dövlətlərdə ilk müxbir məntəqələrinin yaradılmasına başlanılması AzərTAc-ın fəaliyyətinin səviyyəsini xeyli yüksəltmiş olur. Baş direktor bu arada tələbələrin diqqətinə daha bir məqamı çatdırır. Məlum olur ki, 1996-cı il iyunun 29-da imzalanmış Prezident sərəncamı ilə agentliyin maddi-texniki bazası yaxşılaşdırılır, ilk dəfə olaraq xarici müxbir məntəqələri fəaliyyətə başlayır və xarici dillərdə xəbər hazırlayan baş redaksiya yaradılır. 2000-ci il yanvarın 17-də, AzərTAc-ın 80 illiyinin yaxınlaşdığı bir vaxtda Prezident Heydər Əliyev agentliyin fəaliyyətinin təkmilləşdirilməsi barədə fərman imzalayır. Eyni zamanda yubileylə bağlı agentliyin bir qrup əməkdaşı Prezidentin sərəncamı ilə fəxri adlarla təltif olunur.
Bütün bü fərman və sərəncamları agentliyin fəaliyyətinə dövlət səviyyəsində verilən böyük dəyərlərdən hesab edən Aslanov qeyd edir ki, 85 illiyini 2005-ci ildə qeyd edən AzərTAc-ın 13 nəfər əməkdaşının Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı sərəncamla «Tərəqqi» medalı, 5 nəfərin isə «Əməkdar mədəniyyət işçisi» fəxri adı ilə təltif edilməsi də agentliyə verilən dəyərin daha bir nümunəsi idi. Martın 2-də 90 illik yubileyi ərəfəsində də agentliyin əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsinin, onların fəxri adlarla təltif edilməsinin sözə, mətbuata verilən qiymət olduğunu auditoriya ilə bölüşən baş direktor bu təltiflərdən son dərəcə məmnun olduğunu diqqətə çatdırır. Onu da qeyd edir ki, AzərTAc-ın fəaliyyətində son illər xüsusi canlanma müşahidə olunur. İnformasiyanın həcmi 10 dəfəyədək artıb: AzərTAc istirahət və bayram günləri də daxil olmaqla, fasiləsiz rejimdə hər gün təxminən 400 min işarə həcmində xəbər və 30-40 fotoinformasiya buraxır.
Azərbaycanın həyatının bütün sahələrində baş verən dəyişiklikləri AzərTAc-ın xəbərlərinin əsas mövzusu hesab edən natiq bildirir ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən, özünün zəngin təbii resurslarını dünyaya açan və Avropanın enerji təhlükəsizliyinə qoşulan ölkənin bu sahələrdəki uğurları barədə informasiyalar AzərTAc-ın kanalları ilə təkcə respublika daxilində deyil, həm də xaricdə geniş yayılır.
Saytı
Aslan Aslanov AzərTAc-ın gəngin informasiya və foto arxivinin qorunduğu ən müasir server qurğusu və tamamilə yeniləşdirilmiş saytından da danışır. Məlum olur ki, saytda təxminən hər iki dəqiqədən bir üç dildə: Azərbaycan, rus və ingilis dillərində materiallar yerləşdirilir. 2004-cü ilin əvvəlində AzərTAc-ın saytı Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin İnformasiya Mərkəzinin internet səhifəsində yerləşdirilib.
AzərTAc-ın buraxdığı xəbərləri respublika mətbuatı, informasiya agentlikləri, səfirliklər, müxtəlif təşkilatlar bütün gün ərzində elektron poçt vasitəsilə alır.
Hazırda AzərTAc-ın Türkiyədə, Rusiyada, ABŞ-da, Fransada, Avstriyada, İranda, Ukraynada, Gürcüstanda, Orta Asiya və Qazaxıstanda, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.
Beynəlxalq əlaqələri
Aslan müəllim AzərTAc-ın bir informasiya agentliyi kimi uğurunu həm də onun beynəlxalq əlaqələri ilə ölçür. Deyir ki, bu gün tanınmış xəbər agentlikləri AzərTAc-la əməkdaşlığa maraq göstərir, AzərTAc ən mötəbər beynəlxalq tədbirlərin iştirakçısı və ev sahibi olur.
Mühazirədən məlum olur ki, indiyədək AzərTAc İTAR-TASS (Rusiya), Anadolu Agentliyi (Türkiyə), Sinxua (Çin), Rompres (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTİ (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), MONTSAME (Monqolustan), Yanhop (Koreya Respublikası) və s. kimi tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb ki, bunun da agentliyin daha da səmərəli fəaliyyəti üçün böyük təsiri var. İTAR-TASS ilə AzərTAc arasında əldə olunmuş razılığa əsasən, hər iki agentliyin əməkdaşları vaxtaşırı bir-birində təcrübə mübadiləsi keçirlər.
Baş direktor AzərTAc-ın beynəlxalq əlaqələrində əldə edilmiş daha bir uğuru Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentilkləri Təşkilatına (OANA) 2004-cü ilin sentyabrında üzvlüyü ilə bağlayır. Deyir ki, bundan sonra AzərTAc-ın məlumatları OANA-nın xüsusi saytında yerləşdirilir və onlardan təşkilatın üzvü olan digər 32 ölkənin 39 informasiya agentliyi istifadə edir. Agentliyin qurumla intensiv əlaqələri onun 2007-ci il dekabrın 12-də OANA-nın İndoneziyanın paytatı Cakartada keçirilən iclasında qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin 6 büro üzvündən biri seçilməsi ilə bağlıdır. Bununla Azərbaycan bu təşkilatda təmsil olunan 4-cü MDB ölkəsi olmuşdur.
AzərTAc, eyni zamanda MDB üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentilkləri Assosiasiyasının (PANİA) təsisçilərindən biridir.
Aslan Aslanov 2008-ci il aprelin 18-də AzərTAc-ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul olunmasını agentliyin həyatında əlamətdar hadisələrdən hesab edir. Bildirir ki, EANA Baş Assambleyasının Estoniyanın paytaxtı Tallində keçirilən iclasında AzərTAc-ın üzvlük məsələsinə dair səsvermə zamanı təşkilatın iclasda təmsil olunan 29 üzvündən 26-sı AzərTAc-ın namizədliyini dəstəkləmişdir. Beləliklə, AzərTAc postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra EANA-ya qəbul edilmiş üçüncü informasiya agentliyi, təşkilatın sayca 31-ci üzvü olmuşdur.
Agentlik 2008-ci ildən «AsiaPulse»nin – Asiya xəbər agentlikləri konsorsiumunun üzvüdür.
SAAT 14:40
Zəngdir. Aslan müəllim tərəddüd içərisində vaxtın tez keçdiyini və sual-cavaba vaxt qalmadığını təəssüflə bildirir. Beynəlxalq jurnalistika kafedrasının müdiri, dosent Həmid Vəliyev isə bütün kollektiv adından 90 yaşlı AzərTAc-ı bir daha təbrik edərək Aslan müəllimə dəyərli vaxtını fakültəmizə, tələbələrimizə ayırdığına görə minnətdarlıq edir.
Baş direktorun natiqliyi, peşəkarlığı, fikrini konkret faktlarla əsaslandırması tələbələrin onun mühazirəsindən məmnun qalmaları ilə başa çatır.
SONDA
Aslan müəllim üzünü 50 nəfərlik auditoriyaya tutaraq deyir: «Dünyada jurnalistikadan şərəfli peşə tanımıram. Mən AzərTAc-a diqqətini, qayğısını heç zaman əsirgəməyən ümummilli lider Heydər Əliyevlə dünyanın əksər dövlətlərində olmuşam. Və bu səfərlərdə bir daha əmin olmuşam ki, həqiqətən də, jurnalistika şərəfli peşədir. Sizlərin hər birinizə peşənizi sevməyi, onun incəliklərini yaxşı öyrənməyi və gələcəyin nümunəvi, əsl vətəndaş mövqeli jurnalisti olmağınızı arzu edirəm. Mən də bu fakültənin yetirməsiyəm və bununla qürur duyuram. Şübhəm yoxdur ki, siz sabahın yetkin kadrları, peşəkar jurnalistləri olacaqsınız. İstərdim ki, bu işdə mən də sizlərə yardımçı olum. Odur ki, ixtisasını, jurnalistikanı sevən hər birinizə AzərTAc-ın qapıları açıqdır…»
Pərvanə Yəhyaqızı