Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Təranə Mahmudovanın rəhbərliyi ilə bakalavr pilləsinin 2-ci kurs ingilis bölməsində təhsil alan tələbələrin bir qrupu Azərbaycan Mətbuat Şurasında qurumun üzvləri ilə görüşüb.
Görüş və müzakirələr dos. T. Mahmudovanın həmin qrupa tədris etdiyi “Beynəlxalq informasiya hüququ və jurnalistika" fənnində müzakirə olunan mövzular üzrə təşkil olunub. Görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Ceyhun Musaoğlu və Hacıbəy Heydərli, həmçinin, Şuranın icraçı katibi Əvəz Rüstəmov, icraçı katibin müavini Fəridə Ağazadə iştirak ediblər.
Tələbələr jurnalistin informasiya əldə etmək hüququ və bununla bağlı məsələlər üzrə onları maraqlandıran detallar haqqında suallar ünvanlayıb.
Ekspertlər praktik fəaliyyətdən götürülmüş nümunələr əsasında bir sıra hallara münasibət bildirib və tövsiyələr veriblər. Müzakirələr əsnasında Azərbaycan jurnalistikasının hüquqi tənzimlənməsi məsələlərinə toxunulub, sosial medianın gətirdiyi yeniliklərin rolundan bəhs edilib, jurnalist icmasını maraqlandıran aktual proseslərə münasibət bildirilib.
Səmərəli fikir mübadiləsi əsasında aparılan görüş hər iki tərəf üçün faydalı olub.