Noyabr ayının 25-də Sankt-Peterburq Dövlət Universitetinin Ali Jurnalistika Məktəbi və Kütləvi Kommunikasiya İnstitutunun Jurnalistika nəzəriyyəsi və kütləvi kommunikasiya kafedrasının 30 illiyinə həsr edilmiş görüş keçirilib. “Rusiya jurnalistika məktəbi” adlı tədbir həm ənənəvi, həm də onlayn şəkildə təşkil edilib. Tədbiri giriş sözü ilə Rusiyanın görkəmli alimi, Sankt-Peterburq Dövlət Universitetinin Jurnalistika nəzəriyyəsi və kütləvi kommunikasiya kafedrasının müdiri professor Sergey Qriqoryeviç Korkonosenko və İnstitutun direktoru professor Anatoliy Stepanoviç Puyu açıb. S.Q.Korkonosenko tədbir iştirakçılarını salamladıqdan sonra kafedranın fəaliyyətinə dair videoçarx görüş iştirakçılarına təqdim edilib. Rusiyanın digər universitetlərininin Jurnalistika fakültələrinin professor-müəllim heyətinin çıxışları dinlənilib.
Tədbirdə həmçinin Sankt-Peterburq Universitetində jurnalistika təhsilinin 75, Jurnalistika nəzəriyyəsi və kütləvi kommunikasiya kafedrasının 30 illiyinə həsr edilmiş “Rusiyanın elmi-pedaqoji jurnalistika məktəbləri” adlı məqalələr toplusunun da təqdimatı keçirilib. Professor S.Q.Korkonosenkonun redaktəsi ilə çap olunmuş kitabda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantı Süsən Quliyevanın “Azərbaycanda ali jurnalistika təhsili” adlı elmi məqaləsi də yer alıb. Məqalədə Azərbaycanda jurnalistika ixtisasının tarixindən müasir dövrünə qədər keçdiyi inkişaf mərhələsi işıqlandırılıb. S.Quliyeva yubiley tədbirində çıxış edərək dəvətə və Azərbaycan jurnalistikasına həsr edilmiş elmi məqaləsinin belə mötəbər kitabda yer almasına görə professor S.Q.Korkonosenkoya dərin minnətdarlığını bildirib və kafedranın 30 illiyi ilə bağlı bütün əməkdaşları təbrik edib.