Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Bakı Dövlət Universiteti ilə Lənkəran Dövlət Universiteti müqavilə imzaladı

05/03/2018

Bakı Dövlət Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqaviləsi imzalanıb. Müqavilə Lənkəran Dövlət Universitetinə mütəxəssis hazırlığı səviyyəsini yüksəltmək, elmi uğurlarını artırmaq, BDU-nun elmi-praktiki təcrübəsindən bəhrələnmək imkanı verir. Müqaviləni BDU-nun rektoru, akademik Abel Məhərrəmov və LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov imzalayıblar.

Ölkə təhsilində əsaslı keyfiyyət dəyişiliklərinə nail olmaq, elmin son uğurlarından birgə bəhrələnmək məqsədi daşıyan müqavilə çərçivəsində LDU-da bakalavriat səviyyəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Rus dili və ədəbiyyatı müəllimliyi”, “Tarix müəllimliyi” və “Ekologiya” ixtisasları üzrə kadr hazırlığı, magistrant və doktrant hazırlığı, ixtisasartırma (staj keçmə) təhsili, təcrübə mübadiləsinin yerinə yetirilməsi, eləcə də birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi və konfransların təşkili sahəsində əməkdaşlıq nəzərdə tutulur.
Müqaviləyə əsasən, BDU Lənkəran Dövlət Universitetində bakalavriat səviyyəsində yuxarıda adıçəkilən ixtisaslar üzrə kadr hazırlığında Bakı Dövlət Universitetində tərtib olunmuş tədris planlarının və müvafiq fənn proqramlarının istifadə edilməsinə, professor-müəllim heyətinin mühazirələr oxumasına icazə verir, tələbə və müəllim mübadiləsinə səy göstərir. Müqaviləyə həmçinin LDU-nun magistrant, doktorant və dissertantlarına elmi rəhbərlərin təyin olunması, onlara BDU-nun müvafiq laboratoriyalarında elmi-tədqiqat işlərinin aparılmasına icazə verilməsi də daxildir. Müqaviləyə əsasən, BDU birgə konfrans, seminar və simpoziumların, elmi tədqiqat işlərinin və qrant layihələrin həyata keçirilməsini, LDU-nun müəllimlərinin BDU-da ixtisasartırma və təcrübə mübadiləsi keçməsinə köməklik göstərilməsini öhdəsinə götürür.

Başlanmış ikitərəfli müqavilənin LDU-nun da üzərinə qoyduğu öhdəliklərə görə, Lənkəran Dövlət Universiteti tələbə və müəllim mübadiləsinə şərait yaradır, birgə elmi tədqiqat işlərinin və qrant layihələrinin həyata keçirilməsinə, konfrans, seminar və simpoziumların təşkilinə dəstək verir. Mübadilə proqramları hazırlıq, bakalavriat, magistratura, doktorantura proqramlarını və yay semestrini əhatə edir. Qeyd edək ki, müqavilə 5 il müddətinə imzalanıb.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009