Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Bakı Dövlət Universitetində Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi

22/12/2011

Bu gün Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim və publisist, əməkdar jurnalist, professor Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov  böyük publisist və müəllim , ictimai xadim Nəsir İmanquliyevin Azərbaycan nəzəri və praktik jurnalistikasının təşəkkülündəki əvəzsiz xidmətlərindən danışıb.  Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 23 noyabr 2011-ci il tarixli sərəncamından danışan rektor deyib  ki, ömrünü halal zəhmətlə başa vurmuş əziz müəllimimizə bu,dövlətimizin verdiyi layiqli qiymətdir.

Sonra jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadənin ,  Nəsir İmanquliyevin jurmalistlik və pedaqoji fəaliyyətindən bəhs edən məruzəsi dinlənilib.Tədbirdə çıxış edən Jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynov qeyd edib ki, Azərbaycan dövlətinə və xalqına xidmət göstərmiş şəxslərin yubileylərinin dövlət səviyyəsində keçirilməsi məqsədəuyğundur: “Amma belə yubileylərin keçirilməsi ilə yanaşı, həm də həmin şəxsiyyətlərin Azərbaycan millətinə xas olan keyfiyyətlərini də araşdırılmalıyıq. Sonra bu nümunələri gənclərə göstərməliyik ki, biz belə vətənpərvər və qeyrətli insanların övladlarıyıq”.

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli  öz çıxışında milli mətbuatımız tarixində yeni tipli mətbu orqanın-axşam qəzeti "Baki"nın yenidən gündəlik qəzet kimi nəşr olunması təklif etdı.

AzərTAc informasiya agentliyinin baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və başqa natiqlər professor Nəsir İmanquliyevin yaradıcılıq yolundan danışıblar.

Professor Nəsir İmanquliyevin ailə üzvləri adından çıxış edən Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycanda jurnalistika peşəsinin tarixinə nəzər salıb. O, jurnalistikanın gənc peşə olduğunu deyib. N. Paşayeva bildirib ki, vaxtilə Həsən bəy Zərdabi, Məhəmməd Ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin əməyi olmasaydı, Azərbaycanda jurnalistika bu qədər inkişaf edə bilməzdi. Babası N. İmanquliyevin yaradıcılığı haqqında danışan N. Paşayevanın sözlərinə görə, mərhum “Baku” və “Bakı” qəzetlərinin ərsəyə gəlməsi üçün ətrafında jurnalistika peşəsini dərindən bilən jurnalist ordusu toplamışdı: “Nəsir İmanquliyev bununla sübut etdi ki, Azərbaycan xalqına və ictimaiyyətə təkbaşına xidmət göstərmək olmaz. O, bu istiqamətdə güclü ziyalı ordusu ilə bərabər çalışırdı”. Nərgiz xanım Nəsir İmanquliyevin yaşadığı mənzilin gələcəkdə muzeyə çevriləcəyini və milli mətbuatımızın daha da inkişaf etməsinə xidmət göstərəcəyini xüsusilə qeyd edib.

Tədbir bədii hissə ilə başa çatıb.

Fotoreportaj: ERCAN QIZIL BUĞA ,  II kurs telebesi

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009