Bu gün Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına əkil qoyaraq, şəhidlərin xatirəsini yad ediblər. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Qanlı Yanvar faciəsi keçmiş sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktıdır. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Azərbaycan xalqının intellektual potensialının toplaşdığı Bakı Dövlət Universiteti də 20 Yanvarda şəhidlər veribdir. Biz buna görə fəxr edirik. Hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün universitetimizin önündə ucaldılmış möhtəşəm abidə qarşısına toplaşırıq. Bu abidəni tələbələrimiz tez-tez ziyarət edir və onlar da şəhidlərimizlə fəxr edirlər. Gələcək nəsillər bu qəhrəmanları unutmayacaqlar.
Anım mərasimindən sonra Jurnalistika fakültəsinin müəllim və tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edib, 20 yanvar şəhidlərinin məzarlarına gul qoyublar. Xiyabanda dəfn olunan şəhid jurnalistlər- Alı Mustafayev və Kazımağa Kərimovun da xatirəsi yad edilib.