Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

BDU və “Xəzər TV” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17/06/2022

Bakı Dövlət Universiteti ilə “Xəzər TV” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və “Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov imzalayıb.

İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, “Xəzər TV” ilə imzalanan müqavilə əməkdaşlıqda yeni perspektivlər açır: “BDU-nun yenilənmə siyasətində təcrübə, sənaye və istehsalat sahələri ilə əlaqələrin gücləndirilməsi əsas götürülür. “Xəzər TV” Cənubi Qafqazda texniki baxımdan ən yaxşı imkanlardan birinə malik televiziyadır. BDU-da olduğu kimi, “Xəzər TV”də də yenilənmə gedir. Professional heyət və yeni yanaşmalar artıq öz bəhrəsini verir. Burada BDU-nun məzunu olan Murad Dadaşovun da xüsusi rolu var”.

Rektor vurğulayıb ki, imzalanan əməkdaşlıq müqaviləsi real işlərin görülməsinə hədəflənib: “Jurnalistika  peşəsi üçün təcrübə ən dominant məsələdir. Hesab edirəm ki, dərsliklərin yazılması zamanı nəzəriyyə ilə yanaşı, təcrübəsi olan şəxslər də həmmüəllif ola bilərlər. “Xəzər TV” ilə birlikdə media sahəsində birgə layihə və tədqiqatlar həyata keçirə, dərsliklər hazırlana, ustad dərsləri, ortaq konfrans, sərgi, təlim və seminarlar təşkil edilə bilər. Birgə əməkdaşlığın kifayət qədər effektli olacağına inanıram”.

“Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov isə bildirib ki, müasir dövrün çağırışları mətbuatı ikiqat məsuliyyətli olmağa vadar edir. Bu baxımdan BDU ilə imzalanan müqavilə peşəkar jurnalist kadrların hazırlanmasına mühüm töhfə verəcək: “Bu ilin oktyabr ayında “Xəzər Media Mərkəzi” özünün 15 illik yubileyini qeyd edəcək. Qarşıda mühüm dəyişiklər və yeni layihələr var. Əməkdaşlıq müqaviləsinin gələcək planlar üçün uğurlu olacağına inanıram”.

Qeyd edək ki, müqavilə BDU-da müvafiq ixtisaslar üzrə təhsilalanlar üçün “Xəzər TV”də tədris ili ərzində istehsalat və yay təcrübə proqramlarının təşkil edilməsini, telekanal əməkdaşları tərəfindən təlimlərin keçirilməsini, onların təlim-tədris fəaliyyətinə cəlb edilməsini nəzərdə tutur. Müqavilə çərçivəsində BDU-da tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı müxtəlif müsabiqə və tədbirlər, “Xəzər TV”yə ekskursiyalar təşkil olunacaq. “Xəzər TV” tərəfindən müvafiq təcrübə proqramlarını və təlimləri müvəffəqiyyətlə başa vuran BDU tələbələrinə sertifikatlar veriləcək, xüsusi fərqlənən tələbə və məzunlar telekanalda işlə təmin ediləcək.

“Xəzər TV” əməkdaşlarının ixtisas və biliklərinin daha da artırılması üçün tərəflər arasında əməkdaşlığın qurulması, BDU tərəfindən irəli sürülən və ictimai əhəmiyyət kəsb edən təşəbbüslərə telekanalın media dəstəyinin göstərilməsi, ümumi maraq doğuran digər tədbirlərin həyata keçirilməsi də müqavilədə öz əksini tapıb.




Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009