“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ustad aşıq Dədə Şəmşirin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeirlərdən ibarət “Zərli tac kamalli başa yaraşır” adlı bədii qiraət müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirin giriş sözü ilə açan Bakı Dövlət Universitetinin dosenti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı tədbir iştirakçılarını salamlayıb, ustad aşıq Dədə Şəmşirin yaradıcılığı haqqında məlumat verib. O, əlavə edib ki, ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı quruculuq işlərini görən Aşıq Şəmşir Heydər Əliyevə silsilə şeirlər həsr etmiş, əsərlərində xalqımızın böyük oğlunun obrazını yaratmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, BDU-nun professoru Şahlar Əsgərov çıxış edərək Ulu Öndərin tarixi xidmətlərindən söz açıb.
Daha sonra “Zərli tac kamalli başa yaraşır” adlı bədii qiraət müsabiqəsinin finalçıları Dədə Şəmşirin Ulu Öndərə həsr etdiyi şeirləri səsləndiriblər. Münsiflər Heyətinin üzvləri - Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, bədii qiraət ustası Ağalar Bayramov, şairə Fərqanə Mehdiyeva, tənqidçi Əsəd Cahahgir, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin əməkdaşı Həqiqət Şükürova və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Qürbət Mirzəzadə iştirakçıları müvafiq şəkildə qiymətləndiriblər.
Müsabiqənin qalibi Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Türkan Məmmədova olub. Müsabiqə iştirakçılarına İctimai Birlik adından diplom və mükafatlar təqdim edilib. Tədbirin sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək iştirakçılara İctimai Birliyin sədri Qənbər Qurbanovun adından minnətdarlığını bildirib.
Sonda Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov, Elmi kitabxananın rəhbəri Sara İrahimova, dosent Knyaz Aslan təşəkkürnamə ilə təltif olunublar.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |