Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinə start verilir. Layihə çərçivəsində həyata keçiriləcək 10 təlimdə beynəlxalq jurnalistikaya həvəs göstərən tələbələr müxtəlif sahələr üzrə bilik və bacarıqlara yiyələnəcəklər. Burada beynəlxalq jurnalistika anlayışının mahiyyəti, xarici və yerli informasiya agentlikləri, beynəlxalq jurnalist təşkilatlarının fəaliyyəti, xarici media sistemləri, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi, informasiya müharibəsi və başqa mövzular üzrə təlimlər keçiriləcək, praktik məşğələlər aparılacaq. Məktəbin dərslərini beynəlxalq jurnalistika sahəsində nəzəri və təcrübi biliklərə malik yerli və xarici təlimçilər aparacaq.
Siz də “Beynəlxalq Jurnalistika Məktəbi”nin məzunu olmaq istəyirsinizsə, aşağıdakı bu linkdən https://docs.google.com/…/1FAIpQLSdH73pXWHuQeeSsp…/viewform… forma doldurub qeydiyyatdan keçə bilərsiniz. Müraciət üçün son tarix 15 dekabrdır. Qeyd edək ki, 10 təlimin hamısında iştirak edən məzunlar sertifikata layiq görüləcəklər.
Layihənin rəhbərləri - Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev, Beynəlxalq jurnalistika kafedrasının dosentləri – Pərvanə İbrahimova, Vəfa Aslan, koordinatorları isə həmin kafedranın doktorantı Narmina Əsədova və magistrı Nurlan Ağadır.
Layihəyə təşkilati dəstəyi Beynəlxalq jurnalistika kafedrası və Tədris-teleradio studiyası verir.
QEYD: Təlimçilərin çıxışları və mövzularla bağlı praktik məşğələlər kitab şəklində nəşr ediləcək və məktəbin məzunlarına, gələcək layihə iştirakçılarına, o cümlədən beynəlxalq jurnalistika kafedrasının magistrlarına hədiyyə ediləcək.