Jurnalistika fakültəsində jurnalist-publisist Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş "Azərbaycan jurnalistikasının inkişaf xüsusiyyətləri milli tarix və təcrübə kontekstində” adlı elmi-praktik konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə keçirilən konfransı Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev açaraq "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” prezidenti İlham Əliyevin 19 noyabr 2015-ci il tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, bu sərəncama əsaslanaraq çağdaş jurnalistika sahəsində prioritet məsələləri üzə çıxarmaq, aparılan elmi-tədqiqat işlərini müasir elmin tələblərinə uyğun yönəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək üçün 10 may 2016-cı il tarixdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov əmr imzalayıb. O, sözügedən konfransın da məhz bu sərəncam və əmr əsasında təşkil olunduğunu vurğulayıb.
Sonra fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva tədbirin yüksək səviyyədə keçirilməsində fakültəyə daim dəstək olan BDU rəhbərliyinə, eyni zamanda Mətbuat Şurasına minnətdarlığını bildirib.
Konfransda Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək C.Hacıbəyli şəxsiyyətinin Azərbaycanın ictimai fikir tarixindəki rolundan bəhs edib. O bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan mətbuatı üzərindən cəmi 43 il keçdikdən sonra mütəhərrik qüvvə kimi müstəqillik ideyalarının carçısına çevrilib. Bu prosesdə ziyalılar, görkəmli fikir adamları böyük tarixi missiya yerinə yetiriblər. “Belə nəhəng fikir adamlarından biri də Ceyhun Hacıbəyli idi. Onun jurnalistlik fəaliyyəti bizim üçün daha önəmlidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin Sərəncamı, eyni zamanda, Azərbaycan mətbuatına, onun keçdiyi şərəfli yola böyük ehtiramın növbəti nümunəsidir.
Konfransda Respublika Arxiv İdarəsində Ədəbiyyat və incəsənət arxivinin şöbə müdiri Aslan Kənan, Mətbuat tarixi kafedrasının müəllimi Nəsiman Yaqublu, millət vəkili Aqil Abbas, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək, tədbirin mövzusu barədə öz fikir və düşüncələrini çatdırıblar.
Konfransda Ceyhun Hacıbəyli haqqında tələbələrin hazırladığı qısa metrajlı film də nümayiş etdirilib.
Tədbirin sonunda MŞ-nın sədri, deputat Əflatun Amaşovun şəxsi təşəbbüsü ilə "Jurnalist” qəzetinin növbəti sayının çapdan çıxması münasibətilə mətbu orqanın ərsəyə gəlməsində xidmətləri olan tələbələrə qonorar verilib və xatirə şəkli çəkdirilib.