Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Cəlil Məmmədquluzadəyə həsr edilmiş açıq dərs keçirilib

10/05/2019

BDU-nun Jurnalistika fakültəsində görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilmiş açıq dərs keçirilib. Fənn müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova dərsi giriş sözü ilə açaraq bildirib ki, Prezident cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamının icrasına uyğun olaraq Jurnalistika fakültəsində tədbirlər davam edir. Vurğulanıb ki, Mirzə Cəlil dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ictimai fikrin, “Molla Nəsrəddin” ədəbi məktəbinin, satirik jurnalistikanın, bədii düşüncənin, satirik karikatura janrının formalaşmasında mühüm rol oynayıb.

Daha sonra fakültənin ikinci kurs tələbələri Aləmdə Həsənova “Cəlil Məmmədquluzadənin publisistikası”, Ayşən Bayramova “Molla Nəsrəddin” jurnalını və Cəlil Məmmədquluzdə yaradıcılığını tədqiq edənlər”, Rüxsarə Babayeva “Cəlil Məmmədquluzadə yaradıcılığında qadın azadlığı”, Ürfət Mirzəyev “Cəlil Məmmədquluzadə yaradıcılığında Azərbaycan və azərbaycançılıq”, Zeynəb Əsədova "Molla Nəsrəddin jurnalının karikaturaları” mövzusunda məruzə ilə çıxış ediblər.

Görkəmli dramaturq və yazıçı, publisist Cəlil Məmmədquluzadənin Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan biri olduğunu vurğulayan Televiziya və radio jurnalistikası kafedrasını müdiri, professor Allahverdi Məmmədli, çıxışında qeyd etdi ki, bu tədbirlər böyük yazıçının dərin humanist məzmuna malik dram və nəsr əsərlərini, bədii publisistikasını özündə ehtiva edən irsini xalqa tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. Professor Cahangir Məmmədli, dosentlər Sima Rəhimova, Sevil Həsənova çıxışlarında Cəlil Məmmədquluzadənin çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biri olmasından söz açıblar. Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması kimi yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır.

Açıq dərs geniş müzakirədən sonra başa çatıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009