Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Dastan yazan igid oğullar

05/12/2020

Odlar yurdu Azərbaycan  qədim zamanlardan başlayaraq öz igid, mərd oğulları ilə tarix yazıb. Şücaət göstərən, Vətən naminə çarpışan mübarizləri ilə dillərə dastan olub. Neçə-neçə qəhrəmanlıq səlnaməsi yazan igidlərin məmləkəti olan Azərbaycan cəsarətlə, əzmlə, vətənpərvərcəsinə döyüşlərə sinə gərən Babəklər, Cavanşirlər, Mübarizlər, Poladlar, Fəridlər, Xudayarlar və onların timsalında sayı-hesabı olmayan fatehlərin yurdu olub.

Senyabrın 27-dən başlayan şərəfli savaş yolu xalqını, Vətənini, torpağını dərin məhəbbətlə sevən qartal timsallı oğullara  güc-qüvvət gətirdi, qələbəyə ruhlandırdı. Haqq savaşında cəngavərlərimiz  yalnız irəli gedərək torpağımızın  hər bir qarışını geri almaq üçün qəhrəmancasına vuruşdu. Canla-başla, heç nəyi düşünmədən, üzlərindəki qələbə təbəssümləri ilə döyüşə yollandı. Onların bir amalı var idi: işğal altında olan bütün torpaqlarımızı mənfur düşməndən azad etmək və xalqa qələbə sevincini yaşatmaq! Hər birinin dilində Vətən kəlməsi, doğma yurd-yuva nəğməsi avazlanırdı. Yorulmadan, əzmlə cəsurluq nümayiş etdirən ordumuza və həmin ordunun Ali Baş Komandanına güvənimiz sonsuz idi.

Cənab Prezident İlham Əliyevin  hakimiyyətə gəldiyi vaxtdan etibarən yürütdüyü güclü xarici siyasət, ordu quruculuğu, iqtisadi yüksəliş  şanlı qələbəyə yol açdı. Hər bir azərbaycanlı  yumruq kimi ölkə rəhbərinin ətrafında birləşdi və  Qarabağ Azərbaycandır! deyərək irəlilədi. Hər gün cəbhədən gələn şad xəbərlər, ordumuzun göstərdiyi uğurlu döyüş taktikası insanların qəlbində ruh yüksəkliyini daha da artırdı. Dövlətin gücü, xalqın inamı zəfər yolumuzu aydınlatdı. O millət, o dövlət güclü və yenilməzdir ki, onun güclü lideri var. Bəli, bizim şərəfli tarix yazan  Ali Baş Komandanımız, bütün dünyaya gücümüzü göstərən Sərkərdəmiz var.

44 günlük müharibədə misilsiz şücaət göstərən, ölümləri ilə ölməzlik qazanan Şəhidlər hər zaman qəlbimizdə taxt quracaq. Ən ali, müqəddəs və şərəfli zirvəyə ucalan Şəhidlərimiz  nəsillərin dillərində dastan olacaq, ruhları isə Vətənin göylərində hər zaman mərdi-mərdanə yaşayacaq! Şəhidlər ölməz, Vətən bölünməz! Şanlı tarixi yolda, haqq davasında savaşan igidlər ölmür, yaşayır! Dövlətimiz və xalqımız ana Vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canlarını qurban verənləri hər zaman qəlbində yaşadır, ruhları qarşısında baş əyir və onların əziz xatirələrini hörmət və ehtiramla anır.

Yaralı qəhrəmanlarımız, sizlər qələbəni bizlərə yaşadan qazilərsiz. Hər birinizlə fəxr edirik, Allahdan tezliklə şəfa tapmağınızı diləyirik. Uca Tanrı yar və yardımçınız olsun, əziz qəhrəman qardaşlarımız! Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə tarix yazan  igidlərimiz, torpaq uğrunda şücaət göstərən qazilərimiz heç vaxt unudulmur. Qarabağ savaşı bir daha göstərdi ki, məmləkətim Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir.

Ölkəmizin öz siyasi dəsti-xətti, dövlətçilik siması, uğurlu inkişaf konsepti  başımız üzərində olan qara buludu məhv etdi. Biz müstəqil Azərbaycan Respublikasının qalib vətəndaşlarıyıq! Azərbaycan ərazi bütövlüyünü bərpa edərək dünyaya günəş kimi doğdu və öz sözünü layiqincə deməyi bacardı! Gözün aydın, doğma diyarım! Sənə qələbə çox yaraşır! Eşq olsun Azərbaycan xalqına və onun Ali Baş Komandanına! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Aygün Qurbanlı

BDU, Jurnalistika fakültəsi

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009