Jurnalistika fakültəsində Televiziya və radio jurnalistikası kafedrasının təşəbbüsü ilə “Radio və televiziya texnikası və verilişlərin hazırlanması” dərsinin qonaqları İdman Azərbaycan televiziya kanalının nümayəndələri, tanınmış idman şərhçiləri Tural Məmmədli, Ramiz Mirzəzadə və İqbal Aslanov olub. Bu cür görüşlərin tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirən fənn müəllimi Əli Hacıyev görüşün keçirilməsinin məqsədləri barədə məlumat verib.
Daha sonra Ramiz Mirzəzadə tələbələrlə öz təcrübəsini bölüşüb, idman buraxılışının hazırlanmasında diqqət yetirilməli olan məqamlardan, idman şərhçisinin iş özəlliklərindən danışıb, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məslələrdən bəhs edib. Qonaq əsl jurnalist adını almaq üçün çox böyük səylə çalışmaq, daim mütaliə etmək və bu peşəni sevərək işləməyin əsas şərtlərdən biri olduğunu tələbələrin diqqətinə çatdırıb.
Tural Məmmədli tələbələrlə görüşdə özünün jurnalistikaya həvəsinin yaranmasından, televiziyaya ilk gəlişindən, idman jurnalistikasının incəliklərindən, birbaşa yayım zamanı qaşılaşdığı problemlərdən və hazırki fəaliyyətindən söz açıb, jurnalistikanın çətin və məsuliyyətli peşə olduğunu bildirib.
İqbal Aslanov müstəqil idman mediasının formalaşması, hazırki durumu barədə danışıb. İdman jurnalistikasını ən dinamik janr hesab edən İqbal Aslanov jurnalist olmaq istəyən tələbələrin daha çox nəzəriyyə ilə yüklənməsinə diqqət çəkib, jurnalist üçün fikrin dəqiqliyi, obyektivliyi məsələlərinə toxunub.
Hər üç qonaq məhz Jurnalistika fakültəsinin məzunu kimi, görüşdə yaşadıqları duyğuları da tələbələrlə bölüşüblər. Onlar tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıblar.
Görüşün sonunda tələbələr dəvəti qəbul edib, gələcək jurnalistlərin görüşünə gəldiyinə və dəyərli fikirlərini bölüşdüyünə görə qonaqlara öz təşəkkürlərini bildiriblər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |