Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakı şəhərində 22 fevral 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə jurnalistlər və jurnalistika fakültəsinin tələbələri üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masanı giriş sözü ilə açan Avropa Şurası (AŞ) Bakı Ofisinin rəhbəri, səfir Zoltan Herneys medianın demokratik cəmiyyətdə mühüm rol oynadığını diqqətə çatdırıb. Deyib ki, medianın müstəqilliyi önəmli olsa da media işçiləri qadın və kişilərin obrazını qərəzsiz, stereotipsiz şəkildə təqdim edilməsinə görə cavabdehlik daşıdıqlarını bilməlidirlər. Onun sözlərinə görə, layihədə məqsəd media sahəsində gender bərabərliyinin təşviqi, qadınların hüquq və azadlıqlarının təmin olunması, onların potensialının həyata keçirilməsi və karyerası üçün şəraitin yaradılmasıdır.
Daha sonra çıxış edən BDU Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev Azərbaycanda jurnalistlərin iştirakı ilə start götürən yeni layihə qadın və kişilərin müasir sosial rolları haqqında ictimai rəyin formalaşdırılmasına xidmət edə biləcəyini diqqətə çatdırıb. O əlavə edib ki, Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin “Radio jurnalistikası” dərsliyi, dosent Sevinc Əliyevanın “Jurnalist etikası” proqramı çap olunub, fakültə əməkdaşları respublikanın müxtəlif regionlarında “İfadə azadlığı və şəxsi həyata hörmət”, “Gender bərabərliyi və media” mövzusunda keçirilən təlimlərdə iştirak ediblər. Təlimlərin əsas məqsədinin jurnalistlərin və jurnalistika fakültələrinin tələbələrinin gender bərabərliyi və media azadlığı sahəsində Avropa standartlarına dair məlumatlılığını artırmaq olduğuna diqqət çəkən V.Əliyev vurğulayıb ki, layihə çərçvəsində 23 yanvar 2019-cu il tarixində Jurnalistika fakültəsinin dosenti Vəfa İsgəndərova “Azərbaycan mediasında gender bərabərliyi: nailiyyətlər və problemlər” mövzusunda məruzə ilə çıxış edib.
Müstəqil ekspert Ələsgər Məmmədli, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva, Hüquq fakültəsinin dekan müavini Gülnaz Ələsgərova, ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva, müstəqil ekspert Aynur Bəşirova öz çıxışlarında Avropa Şurasının Bakı ofisi tərəfindən Azərbaycanda gender bərabərliyi və media azadlığı sahəsində keçirilən çoxsaylı maarifləndirmə tədbirlərini, media nümayəndələrinin bu istiqamətdə peşəkarlığının daha da artırılması istiqamətində görülən mühüm işləri yüksək qiymətləndirib və bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |