Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birgə təsis etdikləri “Gənc Jurnalistlər” Klubunun üzvləri “525-ci qəzet”in 25 illik yubiley tədbiri ilə əlaqədar qəzetin redaksiyasında olublar.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qonaqları salamlayıb, “Gənc jurnalistlər” klubunu təsis edən BDU-nun Jurnalistika fakültəsi ilə Bilik Fondu haqqında fikirlərini bölüşüb, onlara təşəkkürünü bildirib.
Görüşdə Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova mətbuatımızın önəmli təmsilçilərindən biri olan “525-ci qəzet”in yeni nəsil jurnalist kadrların yetişməsində əhəmiyyətli rolunu vurğulayıb, qəzetin kollektivini 25 illik yubiley münasibətilə təbrik ediblər.
Sonda gənc jurnalistlər “525-ci qəzet”in iş prosesi ilə tanış olublar.