Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birgə təsis etdikləri “Gənc Jurnalistlər” Klubunun üzvləri Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda regional konfransda iştirak ediblər. Konfransda rayonun dövlət qurumlarının rəsmi təmsilçiləri, Bilik Fondun nəzdində fəaliyyət göstərən "Gənc jurnalistlər" Klubunun və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri, təhsil işçiləri, yerli ziyalılar, tələbələr və şagirdlər iştirak ediblər.
Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov konfransın məqsədi barədə məlumat verib, müstəqilliyin Azərbaycana bəxş etdiyi dəyərlərdən birinin də etiqad azadlığı olduğunu bildiriblər.
Bilik Fondunun baş məsləhətçisi Ceyhun Musaoğlu maarifləndirici layihələrdə Şamaxı ziyalılarının və gənclərinin fəallığını xüsusi qeyd edərək, konfransda Fondun nəzdində fəaliyyət göstərən Klub üzvlərinin iştirakını onların Şamaxının tarixinə, abidələrinə, yerli ədiblərin yaradıcılığına marağı kimi dəyərləndirib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" filmi nümayiş olunub.
Konfrans başa çatdıqdan sonra "Gənc jurnalistlər" Klubu və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin məzarlarını ziyarət ediblər.
![]() |
![]() |