Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyət göstərən "Gənc jurnalistlər" Klubunun "Tədrisdən təcrübəyə" təlimində iştirak edən Jurnalistika fakültəsi tələbələrinin İsmayıllı rayonunun Lahıc və Basqal qəsəbələrinə ekskursiyası baş tutub. Media tur çərçivəsində Lahıc qəsəbə Turizm İnformasiya Mərkəzinin direktoru Dadaş Əliyev qəsəbənin tarixi, mədəniyyəti, abidələri barəsində gənc jurnalistlərə ətraflı məlumat verib. Zəvəro Məscidi haqqında söz açan D.Əliyev vurğulayıb ki, öz ilkin görkəmini qoruyub saxlayan məscid yerli camaat tərəfindən tikilib, formaca dördbucaqlı olan bu məscid çaylaq daşı ilə inşa olunub. Məscid hündürlüyü 1 metr olan səki üstündə inşa edilib. Giriş qapısı tərəfdə - divarda daş kitabələr həkk olunub. Sovetlər dövründə məscid Mədəniyyət evi kimi istifadə olunub, 1980-ci illərin axırlarında Mədəniyyət evi ləğv edilib və məsciddə təmir işlərinə başlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu qeyd edib ki, bu layihənin həyata keçirilməsi gənc jurnalistlərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, tələbələrin dünyagörüşünün daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Media tur ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində və tətbiq olunmasında mühüm amillərdən biri olacaq, eyni zamanda səfərin xoş təəssüratları tələbələrin mənəvi zənginliyini daha da artıracaq.
Səfər çərçivəsində "Gənc jurnalistlər" Klubunun üzvləri Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, “Kəlağayı” Basqal İpək Mərkəzi, Lahıc İcma Evi, Zəvəro Məscidini ziyarət ediblər.
![]() |
![]() |
![]() |
![]() |