Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin(THİK) təşkilatçılığı ilə "Gənc İntellektuallar Məktəbi" layihəsinin növbəti onlayn təlimi baş tutub.
Moderator, BDU THİK üzvü Xəyalə Sadıqzadə iştirakçıları salamlayıb, təlimçi və mövzu haqqında onlara məlumat verib.
Sonra təlimçi Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vəfa İsgəndərovanın “Media savadlılığı” mövzusunda çıxışı dinlənilib. Təlimdə media savadlılığı üzrə təhsil çərçivəsində tələbələrin tənqidi təfəkkürünün inkişaf etdirilməsi, bunun onların daha yaxşı qərar verməsinə təsiri, ümumiyyətlə, media təhsilinin əhəmiyyəti ilə bağlı məsələlərdən danışılıb.Təlimçi qeyd edib ki, müasir dövrdə media və təhsil sistemi şəxsiyyətin formalaşmasında əsas sosiallaşdırıcı institutlar kimi çıxış edirlər.
Yeni qlobal informasiya cəmiyyətində həyat hədəflərinin və layihələrin reallaşdırılması tələbələrin informasiya məkanına nə dərəcədə cəlb olunmasından asılıdır. Media savadlılığı-informasiya mənbələri və axını ilə kifayət qədər səmərəli qarşılıqlı əlaqə qurma, axtarış aparmaq, təhlil etmək, media mətnləri yaratmaq qabiliyyəti kimi məqamlarla bağlıdır. Media savadı təhsili şəxsiyyətin formalaşmasında getdikcə daha çox rol oynayır.
Beynəlxalq sənədlərdə media savadlılığının önəmindən bəhs edən V. İsgəndərova YUNESKO-nun əsas sənədlərinə əsasən, media təhsili insan hüquqlarının dəstəklənməsi, gənclərin sülh, ədalət, azadlıq, qarşılıqlı hörmət və anlaşma ruhunda formalaşmasında mühüm rol oynadığını qeyd edib.
XXI əsrdə media savadlılığı anlayışının həm də ünsiyyət mədəniyyətinin formalaşması, kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı, media mətnlərinin təhlili və qiymətləndirilməsi, media texnikalarından istifadə bacarıqlarının öyrədilməsi kimi məsələləri özündə birləşdirdiyini qeyd edib.
Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.