Mayın 29-da 1 nömrəli Şuşa orta məktəbində Mətbuat Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və Şuşa İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Kiçik səhnəciklə başlayan mərasimi Şuşa rayon İcra Hakimiyyətinin ikinci müavini Vüsalə Fətəliyeva açıq elan edib. Ardınca BDU-nun Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu məruzə ilə çıxış edib. o, Türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışıb. Əhməd bəyin publisistikasını yüksək qiymətləndirən tədqiqatçı-alimin fikrincə, Əhməd bəy Ağaoğlunun əsərlərinin külliyatının toplanıb çap edilməsi onun 150 illik yubileyində görüləcək ən böyük işlərdən biri hesab edilə bilər.
Azərbaycan Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov çıxışında qeyd edib ki, XIX-XX əsrdə Əhməd bəy Ağaoğlu kimi mütəfəkkirlərin yetişməsində o vaxtkı mühitin də mühüm rolu olub. “Əhməd bəy Ağaoğlu Şuşada anadan olub. Sevindiricidir ki, Qarabağda anadan olan, orada təhsil alan dahi şəxsiyyətlərimiz kifayət qədərdir. Biz onların hər biri ilə fəxr edirik. İnanırıq ki, torpaqlarımız ən yaxın gələcəkdə azad olacaq və biz növbəti yubiley tədbirlərini orada keçirəcəyik.”
Qaçqınların və məcburi köçkünlərin işi üzrə dövlət komitəsinin sədri Rövşən Rzayev vurğulayıb ki, müstəqilliyimizi qoruyub saxlamaq, firəvamn gələcəyimizi təmin etmək üçün Əhməd bəy kimi şəxsiyyətlərin qoyduqları irslərdən bəhrələnmək, onların yazıları ilə tanış olmaq olduqca vacibdir.
Sonra söz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor, filologiya elmləri doktoru Cahangir Məmmədliyə verilib. O, uzun müddət Atatürkün müşaviri kimi çalışan Əhməd bəyin Ağaoğlunun zəngin publisistikasından danışaraq nəzərə çatıdırıb ki, həmin məqalələrin hər birində dövrün ən mühüm problemləri, ictimai-siyasi hadisələri qeyd olunub. BDU-nun Mətbuat tarixi kafedrasının əməkdaşlarının Əhməd bəy Ağaoğlunun irsini araşdırdığını söyləyən professorun fikrincə, bu, həm də tarixi həqiqətlərin ortaya qoyulması, Şuşanın və digər işğal altında olan torpaqlarmızın azad edilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov çıxış edərək bildirib ki, Əhməd Ağaoğlunun 150 illik yubileyinin 1 nömrəi Şuşa məktəbində keçirilməsi heç də təsadüfi deyil. Ona görə ki, Əhməd bəy məhz həmin məktəbdə oxuyub, təhsil alıb. “Biz xüsusi bir günə yığışmışıq. Belə ki, bu cür tədbirlərin keçirilməsi vacibdir. Beləliklə, həm də yetişməkdə olan gənc nəsil öz tarixi şəxsiyyətlərini tanıyır” - deyə Əflatun Amaşov əlavə edib.
BDU-nun Jurnalistika fakültəsinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli çıxışı zamanı qeyd edib ki, Şuşa təkcə Azərbaycanın musiqi vətəni kimi tanınmır. Bura həm də özünün bir çox tarixi şəxsiyyətləri, eləcə də, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi qələm sahibləri ilə məşhurdur ki, onlardan biri də elə Əhməd bəy Ağaoğludur. Professor Əhməd bəyin əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirib: “Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır”.
Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Jurnalistika fakültəsinin professorları Qulu Məhərrəmli, Alxan Məmmədov, Mətbuat tarixi kafedrasının dissertantı Rüxsarə Məmmədova Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından, türk birliyi və müstəqilliyini müdafiə etməsi kimi məsələlərdən söz açıb, bu cür görüşlərin təşkil edilməsinin sevindirici hal olmasını qeyd ediblər.
Sonda Mətbuat tarixi kafedrasının dosenti, tədbirin təşkilatçılarından biri olan Aygün Əzimova bir daha mərasimin əhəmiyyətini qeyd edib, qonaqlara öz təşəkkürü bildirib.
Tədbir Qarabağ şikəstəsi ilə başa çatıb.