Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsi “Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının (ETL) “Şah və mat. Vətən müharibəsi yerli və xarici mediada” adlı elmi məqalələr toplusu təqdim olunub.
Tədbiri "Jurnalistika" ETL-in müdiri Aytəkin Zeynalova açaraq qonaqları salamlayıb, elmi nəşrlərin ərsəyə gəlməsindən bəhs edib.
Sonra söz Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Allahverdi Məmmədliyə verilib. O, kafedranın nəzdində fəaliyyət göstərən laboratoriyanın fəaliyyətini yüksək qiymətləndirib. Elmi topluda fakültənin professor-müəllim heyəti və tələbələrinin elmi əsərlərinin yer almasını diqqətə çatdıran professor, belə işlərin davamlı olmasını arzulayıb.
Tədbirdə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin rəhbəri Mayis Süleymanov, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunuszadə, fakültənin professorları Cahangir Məmmədli, Həmid Vəliyev, Nəsiman Yaqublu, Qulu Məhərrəmli, Sabir Məmmədli, dosentlər Sevinc Əliyeva, Qərənfil Quliyeva, Aynur Nəsirova çıxış edərək elmi məqalələr toplusunda işıq üzü görən yazılarla bağlı fikirlərini bölüşüblər, müəllif yazılarının orijinallığından bəhs ediblər.
Xarici Dillər Universitetindən gələn qonaqlar da elmi topluda yer alan məqalələrin tələbələr üçün dərs vəsaiti olacağını diqqətə çatdırıblar.
Sonda çıxış edən Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev elmi nəşrin uğurlu tərtibatını qeyd edərək topluda yer alan yazıları yüksək qiymətləndirib, bu işdə əməyi keçən hər kəsə, xüsusilə də “Jurnalistika” ETL-in elmi işçilərinə dərin təşəkkürünü bildirib.