Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin IV kurs tələbəsi Kənan Novruzovun Universitetin 100, fakültənin 50 illik yubileyinə həsr olunan “Elə bir ailədənəm ki...” adlı kitabının və “Jurnalist” qəzetinin Jurnalistika fakültəsinin 50 illik yubileyinə həsr edilmiş “Jurnalistika - 50” adlı xüsusi nömrəsinin təqdimatı keçirilib. Son dövrdə Jurnalistika fakültəsində keçirilən silsilə tədbirləri müsbət hal kimi dəyərləndirən tədbirin moderatoru fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu qonaqları salamlayıb, “Elə bir ailədənəm ki...” adlı kitabı və “Jurnalist” qəzetinin xüsusi buraxılışı haqqında qısa məlumat verib. Tələbənin müəllifi olduğu kitabın universitet mühitində təqdimatının müəllifin gələcək yaradıcılığı üçün böyük stimul olacağını bildirib.
Kitabın redaktoru professor Cahangir Məmmədli qeyd edib ki, müəllifin səmimi duyğularla dolu olan bu kitabı qəlbində sevgi ilə yaşatdığı Bakı Dövlət Universiteti, onun Jurnalistika fakültəsi haqqında bir süjet xəttinə düzülmüş reportajlar, xatirələr aləmidir. Eyni zamanda, qəzetin xüsusi buraxılışına diqqət çəkən C.Məmmədli BDU-nun Jurnalistika fakültəsinin böyük bir jurnalist nəslinin yetişməsində əvəzsiz xidmətlərindən söz açıb.
Artıq bir əsrlik tarixi olan Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyindən söz açan “Şərq” qəzetinin redaktoru Akif Aşırlı tələbələrin yazılarını qənaətbəşx hesab edərək onlara bu yöndə hər an dəstək verməyə hazır olduğunu bildirib.
Təqdimatda çıxış edən professorlar Həmid Vəliyev, Allahverdi Məmmədli, dosentlər Qərənfil Quliyeva, Mahmud Mahmudov kitabın əhəmiyyətindən danışıb, müəllifin tələbə kimi müsbət keyfiyyətlərindən bəhs edib, gələcək yaradıcılığında ona uğurlar arzulayıblar, “Jurnalist” tədris qəzetinin fəaliyyətini tələbələrin yaradıcılıq auditoriyası kimi dəyərləndiriblər.
Sonda çıxış edən tədris işləri üzrə dekan müavini Könül Niftəliyeva qəzetin nəşrə hazırlanması prosesindən söz açıb, tədbirdə iştiraklarına, çıxışlara və təkliflərə görə qonaqlara təşəkkür edib.
Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi Kənan Novruzovun təqdim edilən kitabında məzunu olmağa hazırlaşdığı fakültə haqqında xatirələr və əziz müəllimləri barəsində qeydləri toplanıb. Jurnalistika fakültəsinin tədris qəzeti “Jurnalist”in “Şərq” qəzetinin “qəzet içində qəzet” formatında çap olunan xüsusi sayında isə əsasən, tələbələrin yazıları (“Bu, bir daha olacaq...”, “Müəllimlər və məzunlar fakültə haqqında...”, “Mən onun övladının tələbəsinin tələbəsiyəm” və s.) yer alıb.