BDU-nun Jurnalistika fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan açıq dərs keçirilib. Dərsi giriş sözü ilə açan Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il yanvarın 17-də “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalaması böyük ədibə ehtiramın ifadəsidir. Görkəmli dramaturq və yazıçı, publisist Cəlil Məmmədquluzadə Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan olub.
Daha sonra fənn müəllimi, dosent Qərənfil Dünaminqızı açıq dərsin keçirilməsində məqsədin ilk növbədə dahi sənətkarın XX əsrdə gördüyü böyük işləri ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb: “Hər şeydən əvvəl onu deməliyik ki, 1906-cı ildə “Molla Nəsrəddin” jurnalı ilə realizm cərəyanının əsasını qoyan Cəlil Məmmədquluzadənin maarifçilik hərəkatının inkişafındakı xidmətləri danılmazdır. O, “Poçt qutusu”, “Qurbanəli bəy”, “İranda hürriyət” kimi əsərləri ilə ən yaxşı hekəyə nümunələrini yaratmış, habelə “Anamın kitabı” ilə tragikomediyanın əsasını qoymuşdur. Yazıçı-dramaturq 1917-ci ildə qələmə aldığı “Cümhuriyyət” məqaləsində xalq hakimiyyətindən danışaraq, demokratik quruluşun vacibliyinə toxunmuş, söz, fikir azadlığından danışmışdır. “Kamança” pyesi ilə ilk dəfə Erməni-Azərbaycan münaqişəsinə toxunmuşdur”. Q.Dünaymınqızı qeyd edib ki, Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərib.
Açıq dərsdə fakültə müəllimləri ilə yanaşı, BDU-nun Tədris Metodiki Şurasının katibi, dosent Vaqif Qasımzadə, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan da iştirak edib.
![]() |
![]() |
![]() |
![]() |