Bu gün Jurnalistika fakültəsində tədqiqatçı alim, Bakı Dövlət Universitetinin professoru mərhum Şirməmməd Hüseynovun doğum günü yad edilib. İlk olaraq Jurnalistika fakültəsinin professor-müəllim heyəti, Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova İkinci Fəxri Xiyabanda tədqiqatçı alimin məzarını ziyarət ediblər.
Daha sonra fakültədə mətbuat ziyalısı Şirməmməd Hüseynovun anadan olmasının 97 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbir həm də bu günlərdə alimin həyat yoldaşı Ülkər Hüseynovanın müəllifiliyi ilə çapdan çıxmış “Cümhuriyyət adamı” kitabının təqdimatına həsr edilib.
Tədbirin moderatoru Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev Şirməmməd Hüseynovun bir ustad olaraq Azərbaycan jurnalistikasındakı rolundan və yaratdığı elmi məktəbdən, zəngin yaradıcılığından danışıb.
Sonra görkəmli alimin ömür-gün yoldaşı Ülkər Hüseynova çıxış edərək bugünki tədbirə görə hər kəsə minnətdarlığını bildirib. Onun xatirəsinin belə sevinclə, məhəbbətlə yad edilməsinə görə təşəkkürünü ifadə edib. Şirməmməd müəllimlə bağlı fikirlərini bölüşən Ülkər xanım, kitabda görkəmli alim haqqında yazılmış məqalələrin toplandığını bildirib. Kitabın ikinci hissəsinin üzərində işlədiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə çıxış edən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Bakı Dövlət Universitetində hər zaman ustad müəllimlərə və alimlərə böyük ehtiramın olduğunu, onların yad edildiyini, bu ənənənin bu gün də yaşadıldığını vurğulayıb, Şirməmməd Hüseynovun tədqiqatçı-alim fəaliyyətinə yüksək qiymət verildiyini bildirib.
Jurnalistika fakültəsinin professorları Cahangir Məmmədli, Allahverdi Məmmədli, Nəsiman Yaqublu, Həmid Vəliyev, Akif Rüstəmov, dekan müavini Samir Mirzəyev Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynovun uzun illər milli mətbuatımızın açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, araşdırmaları ilə üzə çıxararaq nəşr etdiyini diqqətə çatdırıblar. Eyni zamanda görkəmli alimin müəllifi olduğu kitabların böyük əksəriyyətinin sanballı, ensiklopediya səviyyəsində olan əsərlər olduğunu bildiriblər.
Sonda söz ustadının xatirəsinə həsr olunan videoçarx nümayiş olunub.
![]() |
![]() |