Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində “Cümhuriyyət qurucuları” kitabının təqdimatı keçirilib

14/05/2018

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Nəsiman Yaqublunun “Cümhuriyyət qurucuları” kitabının təqdimatı keçirilib. Fakültənin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbiri açan dekan, dosent Vüqar Zifəroğlu kitab barədə məlumat verərək onu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə qiymətli bir töhfə kimi qiymətləndirib. O, vurğulayıb ki, Azərbaycan xalqının milli təfək­kürün formalaşmasında Şərqdə ilk demokratik respublika olan AXC-nin müstəsna rolu var.

Kitabda ömrünü-gününü xalq yolunda, millətinin istiqlalı uğrunda fəda etmiş Cümhuriyyət qurucuları haqqında oxuculara ətraflı məlumat verildiyini nəzərə çatdıran professor Nəsiman Yaqublu sözügedən kitabı ictimai-siyasi və ədəbi-mədəni fikir tariximizi dəqiq və dürüst öyrənməyin mötəbər mənbələrindən biri kimi xarakterizə edib.

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə, Tarix üzrə fəlsəfə doktoru Boran Əziz, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanova, Beynəlxalq jurnalistika kafedrasının professoru Sabir Məmmədli çıxışlarında AXC-nin milli təfəkkürün formalaşmasındakı roluna diqqət çəkərək kitabın əhəmiyyətindən danışıb, onu yüksək qiymətləndiriblər.

Sonda Nəsiman Yaqublu tədbir iştiraklarına, çıxışlara və təkliflərə görə qonaqlara təşəkkür edib.

Qeyd edək ki, kitab Azərbaycan Cümhuriyyətinin qurucuları, əsasən, dövlət idarəçiliynə başçılıq etmiş nazirlərin həyat və fəaliyyətləri haqqındadır. Kitabda arxiv sənədlərindən, müxtəlif dillərdə çap olunmuş elmi əsərlərdən faydalanaraq araşdırmalar aparılaraq Azərbaycanın milli , hüquqi və demokratik dövlətçiliyinin əsasını qoymuş şəxslərlə bağlı geniş məlumatlar təqdim edilib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009