Dekabrın 13-də Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının təşkilatçılığı ilə fakültənin üçüncü kurs, ingilis bölməsinin “KİV-də menecment və reklam” dərsində “Guerilla and Viral Marketing” (“Gerilla və viral marketinq”) mövzusunda açıq dərs keçirilib. Fakültənin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə Azertimes.az xəbər portalının baş redaktoru, kafedranın saathesabı müəllimi Türkan Əkbərovanın rəhbərliyi altında tələbələr “My brend” (“Mənim brendim”) adı altında səkkiz fərdi təqdimatla çıxış ediblər. Tələbələrin fərdi işi təqdim etmə bacarıqları, eyni zamanda Azərbaycanda reklam sənayesinin müasir vəziyyəti, brend markasının yaradılması və formalaşdırılması, marketinq və PR strategiyasının düzgün qurulması kimi mövzular açıq dərsdə müzakirə olunub. Tələbələr öz biliklərini həm nəzəri, həm də praktiki cəhətdən tətbiq edərək mövzunu ətraflı şəkildə təhlil ediblər.
Dərsin təşkili və tələbələrin intellektual araşdırma qabiliyyətləri isə açıq dərsdə iştirak edən Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev, fakültə Metodiki-şurasının sədri professor Cahangir Məmmədli, dekan müavinləri Könül Niftəliyeva, Aytəkin Zeynalova və digər müəllimlər tərəfindən böyük rəğbətlə qarşılanıb.