Lider televiziyası Xəbərlər departamentinin Sosial və mədəniyyət redaksiyasının rəhbəri, Filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevin BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində “Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan dekan, dosent Vüqar Zifəroğlu qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, Elnur Niftəliyevin müəllifi olduğu “Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)” kitabı barədə qısa məlumat verib.
Daha sonra ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində kütləvi informasiya vasitələrinin (KİV) roluna diqqət çəkən Elnur Niftəliyev Azərbaycanda siyasi jurnalistikanın təşəkkül tarixindən bəhs edib.
Millət vəkili Elman Nəsirov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Müşfiq Ələsgərli, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, “İki sahil” qəzetinin baş redaktoru, dosent Vüqar Rəhimzadə, Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti, Əməkdar jurnalist Qərənfil Quliyeva kitabın əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndirib və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində bu kimi tədbirləri təşkil etdiyi üçün fakültə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda Elnur Niftəliyev müəllifi olduğu “Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)” kitabını tələbələrə hədiyyə edib.
Qeyd edək ki, kitabın elmi redaktoru Filologiya elmləri doktoru, professor Şamil Vəliyev, rəyçilər Filologiya elmləri doktoru Abid tahirli və Əməkdar jurnalist Qərənfil Quliyevadır. Müəllif kitabda Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı barəsində geniş məlumat verib, siyasi proseslərin mətbuata və mətbuatın ona təsirindən bəhs edib, eyni zamanda XX əsrin əvvəllərində Azərbaycanda yaranan siyasi partiyaların, təşkilatların bu sahədəki rolunu təhlil edib.