Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyi qeyd olunub

01/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyi ilə bağlı onlayn tədbir keçirilib. Moderator, fakültənin dekan müavini Samir Mirzəyev tədbir iştirakçılarını salamlayıb, “Molla Nəsrəddin” jurnalının milli mətbuat tariximizdəki rolundan, satirik jurnalistikanın formalaşmasındakı əhəmiyyətindən bəhs edib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı Vüqar Əliyev  Molla Nəsrəddin” jurnalının qısa müddət ərzində böyük nüfuz qazanması, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə demokratik mətbuatın inkişafına mühüm töhfələr verdiyinə diqqət çəkərək, bu sahədə yeni səhifə açmış jurnalın önəmini vurğulayıb.
Daha sonra Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Allahverdi Məmmədli Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı, “Molla Nəsrəddin” jurnalının fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Professor görkəmli publisistin jurnalı yaratmaqla satirik publisitikanın, eyni zamanda satirik qrafika və karikaturanın əsasını qoyduğunu bildirərək, Azərbaycan mətbuatının inkişafında müstəsna rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Yeni media və  kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli jurnalın dövrümüz üçün müasir olduğunun əhəmiyyətini diqqətə çatdırıb.
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, professor Həmid Vəliyev isə “Molla Nəsrəddin”  jurnalının Tiflisdə nəşrə başlamasının təsadüfü olmadığını qeyd edib.
Tədbirdə çıxış edənlər sırasında professorlar Nəsiman Yaqublu, Qulu Məhərrəmli, Nəsir Əhmədli, siyasi elmlər üzrə elmlər doktoru Sabir Məmmədli, dosent Aygün Əzimova jurnalın 115 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, görkəmli publisist C. Məmmədquluzadə və satirik jurnalla bağlı fikirlərini bölüşüblər.
Tədbir maraqlı müzakirələrlə yekunlaşıb.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009