Jurnalistika fakültəsi Tədris-Metodiki Şurasının və “Jurnalistika” Elmi-Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrə həsr olunmuş növbəti elmi seminarı keçirilib. Seminarın moderatoru, elmi işçi Samir Mirzəyev fakültənin professor-müəllim heyətinə, doktorant, magistrant və qonaqlara iştirak etdikləri üçün öz təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti fərmanının əhəmiyyətindən söz açıb.
Daha sonra Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Mediada dil-üslub xətaları” adlı məruzə ilə çıxış edib. O, qeyd edib ki, dövlətin əsas atributlarından biri də onun dilidir. Hər bir azərbaycanlı dövlət dili haqqında imzalanan fərman və sərəncamların, qanun və qərarların tələblərinə əməl etməklə, müstəqil dövlətin möhkəmlənməsinə, inkişafına, təmsil olunduğu xalqın düşüncəsinin qlobal dünyaya çıxmasına böyük töhfə vermiş olar. Əfsus ki, son illər Azərbaycan dilinin geniş imkanlarından faydalanmaq əvəzinə, sözlərin yad dildən gələn qarşılığından daha çox istifadə edilir, xüsusən teleməkanda, mətbuatda və sosial mediada fonetik, qrammatik, leksik üslub qaydaları pozulur, terminlər, neologizmlər, xüsusi adlar və abreviaturalar düzgün səsləndirilmir. Azərbaycanda heç vaxt dilçiliyə və dilçilik elminə hazırkı qədər diqqət ayrılmayıb. Prezidentin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı bu diqqətin bariz nümunəsidir.
Tədbirdə iştirak edən qonaqlar Radio və televiziya jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, fakültənin Tədris-Metodiki Şurasının sədri, professor Cahangir Məmmədli, professor Alxan Məmmədli, professor Nəsir Əhmədli, dosent Təranə Mahmudova öz çıxışlarında fərmandan irəli gələn vəzifələrdən danışıblar. Çıxış edənlər məsələ ilə bağlı öz təkliflərini də səsləndiriblər.
Elmi seminarda fakültə əməkdaşları ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun rəhbəri, dosent Xatirə Hüseynova və Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı da iştirak edib.
Sonda çıxış edən fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev bildirib ki, fərman ictimai missiya daşıyan medianın da üzərinə mühüm öhdəliklər qoyur. Çünki media fəaliyyəti birbaşa dillə bağlıdır və onun qayda-qanunlarına riayət edilməsi başlıca olaraq kütləvi informasiya vasitələrinin fəaliyyətindən asılıdır. V.Əliyev media orqanlarında dilimizin saflığının qorunması probleminə fakültənin professor-müəllim heyətinin hər zaman həssas yanaşmalı olduğunu vurğulayıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |