Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin ilk elmi seminarı keçirilib

02/03/2018

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Yeni mediaya keçid: perspektivlər və problemlər” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə BDU Elmi-Metodiki Şuranın sədr müavini, dosent Vaqif Qasımov, Fakültə Metodiki Şurasının sədri, Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev, Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli, BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, TEC-in fakültə üzrə rəhbəri, dosent Vəfa İsgəndərova, TEC-in sədri Aynurə Vəliyeva, Azərbaycan Dillər Universiteti və Azərbaycan Slavyan Universitetinin Filologiya və jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.

Tədbiri açan fakültə TEC-in rəhbəri, dosent Vəfa İsgəndərova qonaqları salamlayıb, keçirilən dəyirmi masanın əhəmiyyətindən bəhs edib. O, qeyd edib ki, TEC-in bu günkü elmi seminarında təkcə BDU-nun Jurnalistika fakültəsi tələbələri deyil, eyni zamanda Azərbaycan Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin tələbələri iştirak edir.

Daha sonra çıxış edən Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev qonaqları salamlayaraq belə bir formatda – hər üç dövlət universiteti tələbələrinin iştirakı ilə tədbirin ilk dəfə keçirildiyini vurğulayaraq gələcəkdə belə görüşlərin mütəmadi olaraq təşkil ediləcəyini söylədi və iştirakçılara uğurlar dilədi.

BDU Elmi-Metodiki Şuranın sədr müavini, dosent Vaqif Qasımov, ADU-nun Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli, BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək TEC-in üzvlərinə fəaliyyətlərini yüksək qiymətləndirərək uğurlar arzulayıblar.

Sonra Azərbaycan Dillər Universitetinin ikinci kurs tələbəsi Gülmalı Məmmədov “Onlayn media”, BDU-nun Jurnalistika fakültəsinin I kurs magistrantı Nurlan Salamov “Cəmiyyətin sosial-siyasi strukturu və sosial medianın təsirləri” adlı təqimatla çıxış ediblər. Mövzular ətrafında çıxışlardan sonra BDU, ADU və Azərbaycan Slavyan Universitetinin tələbələri arasında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda AXC-nin 100 illiyi ilə bağlı “Ən yaxşı elmi məqalə” adlı müsabiqənin keçiriləcəyi barədə məlumat verilib.

Qeyd edək ki, Tələbə Elmi Cəmiyyəti BDU-nun tələbə və magistrantlarının elmə maraqlarını artırmaq, konfranslarda iştiraklarını təmin etmək, yaradıcılıq qabiliyyətlərini ortaya çıxarmaq məqsədilə fəaliyyət göstərir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009