Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev Xocalı faciəsindən, Xocalı həqiqətlərinin dünyada bilinməsi, bu faciənin soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin zəruri addımları atmasından və bu istiqamətdə həyata keçirilən siyasətdən bəhs edib.
Daha sonra politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu “Xocalı faciəsi: səbəbləri, nəticələr” adlı məruzə ilə çıxış edib. Politoloq Ermənistanın Azərbaycana olan ərazi iddialarının və təcavüzlərinin Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli həddə çatdığını, Xocalı faciəsinin Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyduğunu, faciənin ağrı və acısının hələ də qəlbimizdə yaşadığını bildirib. O, tarixi həqiqətlərin gənc nəsillərə çatdırılmasının hər kəsin, o cümlədən gənc jurnalistlərin vətəndaşlıq borcu olduğunu və hər birimizin üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməli olduğumuzu qeyd edib.
Tədbirin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.