Jurnalistika fakültəsinin dekanı beynəlxalq tədbirdə çıxış edib
16/05/2022
Mayın 13-15-də İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı keçirilib.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə baş tutan tədbirdə ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Toplantı nümayəndə heyətləri arasında media üçün qapalı şəraitdə keçirilən rəsmi görüşlərlə başlayıb və açıq panel müzakirələri ilə davam edib. Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunan BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzusunda təşkil edilən panel iclasında çıxış edib.
TDT-yə üzv dövlətlər - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığı möhkəmləndirməkdir.