Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə bir qrup ziyalı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva dövlətin uğurla həyata keçirdiyi təhsil siyasətinin prioritet istiqamətlərindən danışaraq, insan kapitalının formalaşmasında orta məktəbin xüsusi rola malik olduğunu bildiriblər.
"İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci ildə imzaladığı Sərəncamı xatırladan ziyalılar kənddə aparılan tikinti-quruculuq işlərinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verdiyini və digər ərazilərimizin də tezliklə işğaldan azad ediləcəyinə inamı artırdığını deyiblər.