Sentyabrın 30-da İstanbul şəhərində Türk Dünyası Qəzetəçilər Federasiyasının təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə dəstəyi ilə keçirilən II Türk Dünyası Sənədli Film Festivalının mükafatlandırma mərasimi baş tutub. Türk Dünyası Qəzetəçilər Federasiyasının sədri Menderes Demir mükafatlandırma mərasimini giriş sözü ilə açaraq bildirib ki, festivalın təşkilində əsas məqsəd Türk dövlətlərinin zəngin mədəniyyətini sənədli film vasitəsilə dünyaya yaymaqdır.
“Peşəkar” kateqoriyasında birinci yerə Türkmənistandan olan “”Blank Sheet” adlı sənədli filmlə Aina Meredova, ikinci yerə “Word Remained From Forefathers" sənədli filmlə Qırğızıstandan olan Moldoseyit Nambetakonuv, üçüncü yerə “Sıraç” adlı sənədli filmlə Türkmənistandan olan Gülşan Saruya layiq görülüb. Tələbə kateqoriyasında isə Qırğızıstanlı gənc rejissor Kasiet Kubanıçbek "Oymok" ilə birinci, Anıl Bayrak ve Fatema Khawari "Kaset" filmi ilə ikinci, Qırğızıstanlı rejissor Ayzada Aliyeva isə "Dərviş" filmi ilə üçüncü yerə layiq görülüb.
Festivalda Türkiyə ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, İran, Kosova, Rusiya, Tatarıstan, Yakutiya, Başqırdıstan, Xakasiya, Çuvaşiya, Kabardina Balkariya, Qaqauziya, İraq, Kərkük rejissorlarının filmləri təmsil olunub.
Azərbaycandan gedən nümayəndə heyətində təmsil olunan Jurnalistika fakültəsinin dekanı V.Z.Əliyevin verdiyi məlumata görə, oktyabr ayının ortalarında festival heyəti ilə BDU-da görüş keçirilməsi planlaşdırılır.
Səfər çərçivəsində V.Əliyev festivalın təşkilatçılarından olan İstanbul Universitetinin Jurnalistika fakültəsinin dekanı Necmi Pişkin ilə görüşüb. Görüşdə fakültələrarası əlaqələrin yaradılması razılaşdırılıb, müştərək yay məktəblərinin təşkili, dərslik və elmi məcmuələrin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
![]() |
![]() |
![]() |
![]() |