Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin kollektivi Fəxri Xiyabanda olub

13/09/2019

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professor-müəllim heyəti və fakültənin I kurs tələbələri Bilik günü münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin və görkəmli alim, professor Şirməmməd Hüseynovun məzarını ziyarət ediblər.

Görkəmli maarifpərvər, pedaqoq və təbiətşünas alimin məzarı önündə çıxış edən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. O qeyd edib ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi yaradıcılığın təməl prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.

Tədbir iştirakçılarından Beynəlxalq jurnalistika kafedrasını müdiri, professor Həmid Vəliyev, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, dekan müavinləri - dosent Könül Niftəliyeva, dosent Aytəkin Zeynalova, professorlar Alxan Məmmədov, Nəsir Əhmədli, Akif Rüstəmov, dosentlər Mahmud Mahmudov, Zaur Babayev, Tədris tele-radio studiyasını rəhbəri Ramin Rzayev, ATV+ Kabel televiziyasının bədii rəhbəri Nəmənd Rüstəmov, elmi işçi Samir Mirzəyev “Əkinçi” qəzetinin milli mətbuat tariximizdəki rolundan bəhs edib, Həsən bəy Zərdabinin ideyalarının bu gün də yaşadığını vurğulayıb, tələbələrə təhsil və yaradıcılıq sahəsində müvəffəqiyyət arzu ediblər.

Sonda Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu çıxış edərək bildirib ki, BDU-nun Jurnalistika fakültəsi gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, Azərbaycanda ictimai-siyasi mühitin formalaşmasında, vətənpərvərliyin təbliğində, eləcə də Azərbaycanın dünyada tanıdılması işində əhəmiyyətli rol oynayıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009