Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin 1- ci kurs magistr pilləsində təhsil alan bir sıra tələbələr Bakı şəhər Mədəniyyət Baş İdarəsini təşkilatçılığı ilə Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilən şair Nüsrət Kəsəmənlinin 75 illik yubileyinə həsr edilmiş “Biri vardı, biri yox” adlı tədbirdə iştirak ediblər.
Tədbirə Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, “Ədəbiyyat” qəzetinin şöbə redaktoru Sərvaz Hüseynoğlu, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin gənc yazarları Kəmalə Şahbazi, Zaur Rəxşan, Nicat Nəsri, Əfsər Abdullayev qatılıblar.
Çıxış üçün söz alan BDU-nun Jurnalistika fakültəsinin 1- ci kurs magistrantı Ceyran Cəfərli ədəbiyyatımızın parlaq siması olan Nüsrət Kəsəmənlinin öz yaradıcılığı ilə Azərbaycan poeziyasına məhəbbət şairi kimi möhürünü vurduğunu, şeirlərinin dillər əzbəri olduğunu bildirib. O, şairin poeziyasından su içən onlarla nəğmələrin bu gün də sevilərək dinlənildiyini diqqətə çatdırıb. C. Cəfərli çıxışında vətənpərvər şairin yaradıcılığında Vətən mövzusunun əsas yer tutduğunu və şairin ömrünün son günlərinə kimi Qarabağ həsrəti ilə yaşadığını söyləyib.
Tədbir çərçivəsində şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. “Etiraf”, ”Getmək istəyirsən, bəhanəsiz get”, ”Qapamayın gözlərimi” şeirləri səsləndirilib. Şair haqqında dəyəli fikirlər söylənilib və xoş xatirələrdən bəhs olunub.
Sonda çıxış edən Xəzər rayon MKS-nin direktoru Jalə Əliyeva gələn qonaqlara öz təşəkkürünü bildirib.