Jurnalistika fakültəsinin əməkdaşları Rusiyanın Xalqlar Dostluğu Universiteti ilə Bakıdakı Rus mədəniyyət-informasiya mərkəzinin birgə təşkil etdiyi “Rəqəmsal dövrdə jurnalistikanın inkişaf tendensiyaları” adlı tədbirdə iştirak ediblər. Azərbaycanda fəaliyyət göstərən media nümayəndələri, ali məktəblərdə jurnalistikanın tədrisi ilə məşğul olan təhsil işçiləri, Jurnalistika təhsili alan tələbələr, rusdilli informasiya agentlikləri və KİV üçün nəzərdə tutulan tədbiri giriş sözü ilə açan Universitetin Filologiya fakültəsinin dekanı, Jurnalistika kafedrasının müdiri Viktor Barabaş qonaqları salamlayıb, görüşün əhəmiyyətindən danışıb.
Daha sonra siyasi elmlər namizədi, dosent Sergey Vodopedov “Jurnalistikanın müasir inkişaf tendensiyaları” adlı məruzə ilə çıxış edib. O, çıxışında internet media və ənənəvi medianın təsnifatındakı fərqlərə, internet sahəsində tənzimləmənin müxtəlif cəhətlərinə, sosial şəbəkələrlə, bloggerliklə bağlı məsələlərə toxunub. Qeyd edib ki, internet medianın ənənəvi medianı tədricən sıradan çıxarmağa doğru getdiyi hazırkı vəziyyətdə medianın fəaliyyət üsul və vasitələrini dəyişməsi prosesinin ağrısız keçməsi son dərəcə vacibdir.
Filologiya elmləri namizədi Anar Həsənov “Postsovet media məkanında Rusiya obrazının formalaşma amilləri” mövzusunda mühazirə oxuyub.
Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb, sertifikatlar təqdim olunub.
![]() |
![]() |
![]() |
![]() |