Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsində daha bir ilk: Yeni yaradıcı saytın təqdimatı oldu

24/05/2018

Bu gün BDU-nun Jurnalistika fakültəsində Qəzet loboratoriyası nəzdində yaradılmış jurnalistika.info adlı yeni saytın təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu tədbir iştirakçılarını salamlayıb, 7 əsas bölmədən ibarət olan www.jurnalistika.info yeni veb saytı haqqında məlumat verib. Onun sözlərinə görə, yeni yaradılan saytın əsas məqsədi Jurnalistika fakültəsi əməkdaşları və tələbə heyətinin yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış etmək, onların müxtəlif media orqanlarında yayımlanan araşdırma və məqalələrini bir saytda toplayaraq, bir baza təşkil etməkdir. Fakültə dekanı həmçinin vurğulayıb ki, sözügedən internet saytı məqalələri yeni yayımlanan tələbələrimiz üçün ilk tribuna funksiyasını da yerinə yetirəcək ki, bu da onlara gələcəkdə iş yerləri ilə təmin edilmələrində praktik nöqteyi nəzərdən son dərəcə əhəmiyyətlidir.

Saytın redaktoru Afaq Sadıqova çıxışında saytın strukturu və bölmələri barədə ətraflı məlumat verib.  O, əlavə edib ki, sayta yerləşdirilən yazılar respublikanın müxtəlif media orqanlarında yayımlanan siyasi, sosial, publisistik yazılardır. Bununla bərabər saytın məqsədi fakültə əməkdaşlarının çap materialları ilə bərabər həm də, on-line versiya, televiziya və radio xəbərləri, blog yazılarını yerləşdirməkdir. Saytın digər mühüm özəlliyi “Cümhuriyyət -100”, “Bölgə qəzetləri” başlıqlı bölmələrinin olmasıdır. Bundan əlavə həm də sayt növbəti aylardan etibarən “Universitet-100” adlı rubrika yaradaraq fakültə əməkdaşlarının mövzu ilə bağlı müvafiq yazılarını ictimaiyyətə təqdim etməyi nəzərdə tutub.

Tədbirdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu gün Azərbaycan jurnalistikası gündən-günə inkişaf edir və belə bir saytın yaradılması son zamanlarda kifayət qədər aktiv fəaliyyəti və layihələri ilə gündəmə gələn Jurnalistika fakültəsinə yeni imic gətirəcək. "Mətbuat Azərbaycanda dövlət hakimiyyətinin dördüncü qolu funksiyasını uğurla yerinə yetirir. Dövlət tərəfindən göstərilən diqqət və qayğı milli mətbuatın inkişafına öz tövhələrini verir", - sədr əlavə edib.

Daha sonra yeni veb saytın fəaliyyətini müsbət hal kimi dəyərləndirən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli əlavə edib ki, sayt tələbələrin yazı vərdişlərinin təkmilləşdirməsinə şərait yaradacaq.

Saytın təqdimatında iştirak edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Fyüzat” jurnalının məsul katibi Mübariz Yuniszadə, “İşıq” jurnalının məsul redaktoru Əsəd Aslanoğlu, Jurnalistika fakültəsinin dosentləri Qərənfil Quliyeva, Sima Rəhimova, mahmud Mahmudov çıxış edərək təbriklərini çatdırıblar.

https://www.jurnalistika.info/

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009