Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistikamızın vicdan səsi

30/12/2009

Bu gün müasir Azərbaycan jurnalistikası tarixində yadda qalan bir gündür. Dekabrın 17-də mətbuatımızın ağsaqqalı, peşəkar jurnalistlərin bir neçə nəslinin həyat və sənət müəllimi, görkəmli pedaqoq və tədqiqatçı alim, əməkdar jurnalist, «Qızıl qələm» və H.B.Zərdabi mükafatları laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universiteti jurnalistika fakültəsi  mətbuat tarixi kafedrasının professoru Şirməmməd Ağaməmməd oğlu Hüseynovun 85 yaşı tamam olur.

1950-ci ildə jurnalistika şöbəsinin ilk buraxılış qrupunun məzunları arasında Şirməmməd Hüseynov da var idi. Təhsil illərində universitet qəzetində redaktor müavini, «Azərbaycan müəllimi» qəzetində şöbə müdiri kimi fəaliyyəti onun jurnalistikadan ayrılmayacağı ehtimalını təsdiqləyirdi. Lakin gənc məzun bu əsrarəngiz aləmin qapısını  başqa bir istiqamətdən də döyməyi qərara almışdı. Şirməmməd müəllim özünəməxsus fəhmlə hiss edirdi ki, qələm sahibində praktik yaradıcılıq qabiliyyəti nə qədər güclü olsa da, bu elmi zəminə, elmi bünövrəyə söykənməsə davamlı və perspektivli ola bilməz, olsa da səmərəsi kifayət etməz.

Elə həmin il Şirməmməd Hüseynov bu qənaətlə Moskva Dövlət Universitetinə üz tutdu və jurnalistika fakültəsinin əyani aspiranturasına qəbul olundu. Apardığı araşdırmalar 1954-cü ildə Azərbaycan mətbuat tarixinin maraqlı bir dövrünə – 1917-1920-ci illər dövrünə  həsr olunmuş namizədlik dissertasiyasının müdafiəsi ilə başa çatdı. Şirməmməd müəllimlə aspirant yoldaşı olan və uzun  illər (1962-2007) Moskva Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışmış professor Yasen Nikolayeviç Zasurski o illəri belə xatırlayır: «Şirməmməd hələ aspirant illərindən Azərbaycanın böyük vətənpərvəri idi. O, elmi işində də, həyat qaydalarında da, dünya baxışında da həmişə azərbaycanlıydı. Biz başqa əyləncələrə sərf etdiyimiz vaxtda Şirməmməd yataqxanada daha bir kitabı oxuyub başa çatdırırdı».

Azərbaycanda ali jurnalistika təhsilinin formalaşmasına və inkişafına Şirməmməd müəllim ilk tövhəsini məhz bu dissertasiya ilə gətirdi və jurnalistika üzrə ilk elmlər namizədi oldu. Sonralar bu yolu Nüsrət Bağırov, Seyfulla Əliyev, Nurəddin Babayev, Salman Qarayev kimi müəllimlərimiz davam etdirdilər. Filologiya fakültəsi nəzdində jurnalistika şöbəsinin elmi-pedaqoji potensialı bu minvalla genişlənməyə və güclənməyə başladı.

Şirməmməd müəllim Moskva Dövlət Universitetinin təhsil ab-havasını Bakıya gətirdi. Bir sıra ixtisas fənlərinin, xüsusi ilə «Azərbaycan mətbuatı tarixi», «Xarici ölkələrin jurnalistika tarixi» fənlərinin tədrisində əyanilik, predmetə kifayət qədər bələdlilik baxımından ona yeni yanaşma üsulu bu fənləri Şirməmməd müəllimin adı ilə bağladı.

Şirməmməd Hüseynov öz pedaqoji fəaliyyəti ilə ali jurnalistika təhsilinə  yaradıcılıq ciddiyyəti, prinsipiallıq gətirdi. «Oxumaq, oxumaq, oxumaq» deyimini «düşünmək, düşünmək, düşünmək» deyimi ilə əvəzləyərək tədricən tələbələrinə təlqin etməyə başladı.

Şirməmməd müəllim gəncliyə güvənən, həmişə yeniliyi duyan, onunla ayaqlaşan və yaşayan, ehkamçılığı qəbul etməyən  alim–pedaqoq kimi formalaşırdı. Ötən əsrin 50-ci illərinin sonu, 60-cı illərin əvvəllərində artıq onun öz ürəyindən olan tələbə-məzun korpusu yaranmışdı. Sonralar onların bir çoxu Şirməmməd müəllimin seçimi və qayğısı ilə fakültəyə dəvət aldılar, görkəmli jurnalistika nəzəriyyəçilərinə çevrildilər. Professor Famil Meydiyev Azərbaycanda jurnalistika sahəsində ilk elmlər doktoru oldu. Professorlar Tofiq Rüstəmov, Qulu Xəlilov, Ceyran Əbdürrəhimova, Şamil Qurbanov, Əliş Nəbili, Cahangir Məmmədli məhz Şirməmməd müəllimin xeyir-duası ilə həyatlarını birdəfəlik universitetlə, jurnalistika fakültəsi ilə, peşəkar kadr hazırlığı prosesi ilə bağladılar. Mətbuat tariximizin ciddi araşdırıcılarından biri kimi tanınan mərhum professor Şamil Qurbanov «Müəllimlər» kitabında Şirməmməd Hüseynova həsr etdiyi məqaləsində Bakı Dövlət Universitetinə gəlişini  belə təsvir edir: «…Bir gün dos.Seyfulla Əliyevlə Şirməmməd müəllim redaksiyaya gəldilər.

- Biz istəyirik səni universitetə aparaq, rəhbərliklə də razılaşmışıq.

Mən belə bir təklifi gözləmirdim. Dedim:

- Getməyə razı olaram, amma Nəsir İmanquliyevdən ayıbdır. O, heç

icazə verməz, üstəlik xasiyyətnamə almalıyam, arayış almalıyam, o, qətiyyən bunlara qol çəkməz.

-Bunları ölçüb biçmişik. İstəyənlər çoxdur. Ancaq biz  istəyirik ki,

ora səni götürək. Birbaşa dosent yerinə gedirsən. Səndən heç bir sənəd istəməyəcəklər, sadəcə razılığın lazımdır.

Mən universitetə gedəsi oldum. Məndən heç bir sənəd tələb etmədilər. Bu iş

üçün əlbəttə Şirməmməd müəllimə minnətdarlığımı bildirirəm».

1970-1976-cı illərdə jurnalistika fakültəsinə, daha sonra mətbuat tarixi kafedrasına rəhbərlik edən Şirməmməd müəllim keçmiş SSRİ məkanında ali jurnalistika təhsili verən universitetlər arasında inteqrasiya prosesinə Bakı Dövlət Universitetinin də cəlb olunmasında önəmli rol oynamışdır. Moskva və Leninqrad (Sankt-Peterburq) universitetləri, Kiyev, Rostov, Sverdlovsk, Tbilisi, Minsk, Kişinyov, Daşkənd, Tartu universitetləri ilə sıx tədris və elmi əlaqələr yaradılmışdı. Bu gün jurnalistika fakültəsinin ABŞ-ın İndiana və Kolorado universitetləri, Fransanın Lil jurnalistika məktəbi, Türkiyənin, Macarıstanın, Polşanın, İranın jurnalist tədris mərkəzləri ilə əlaqələri əsası ötən əsrdə qoyulmuş əməkdaşlığın məntiqi davamıdır.

Şirməmməd müəllim etiraf edir ki, əlimə qələm alıb müstəqil yaradıcılığa başladığım andan ən böyük arzum gördüklərimi, düşündüklərimi, həqiqəti yazmaq arzusu olub. Mətbuat tariximizi tədqiq edib qüdrətli qələm sahiblərimizin XX  əsrin ilk onilliklərində dövri mətbuatda dərc olunmuş yazılarını heyranlıqla oxuduqca bu istək yaşamaq qayəmə çevrilmişdir.

Bu vətəndaş mövqeyinin nümayişidir. Şirməmməd müəllim H.B.Zərdabidən tutmuş M.Ə.Rəsulzadəyədək, Ü.Hacıbəylidən başlamış Ə.Topçubaşov və Ə.Ağaoğlunadək qüdrətli fikir və qələm sahiblərinin məqsədyönlü şəkildə üzə çıxarılmayan, oxucudan gizlədilən aktual ruhlu publisistik əsərlərini arxivlərdən, qəzet səhifələrindən axtarıb tapmış, onlara ikinci həyat, yeni nəfəs  vermişdir. Həmin nümunələrin bir çoxu Şirməmməd müəllimin öz şərhləri ilə müşaiyət olunmuş və diqqəti çəkən bir məqam həmin əsərlərin toplu halında işıq üzü görməzdən öncə qəzet səhifələrində yerləşdirilməsidir. Bu cəhətdən «Günay» qəzeti və «525-ci qəzet» uzun illər tədqiqatçı alimin  yaradıcılıq laboratoriyası – tribunasına çevrilmişdir. Təkcə «Günay»ın səhifələrində 150-dən artıq araşdırma işi öz əksini tapmışdır. Bu ciddi publisistik nümunələr «öz əhatə dairəsinə, sanbalına və akademizminə görə istənilən elmi-tədqiqat institutunun fəxr etdiyi araşdırmalarla cəsarətlə rəqabətə girə bilər».

Ş.Hüseynovun «525-ci qəzet»lə yaradıcılıq ünsiyyəti isə M.Ə.Rəsulzadənin əsərlərinin I və II hissələrinin kitab halında  işıq üzü görməsi ilə nəticələnmişdir.

Professor Şirməmməd Hüseynov illəri yola sala-sala ruhən və mənən cavanlaşır, elmi yaradıcılıq potensialı, yazıb-yaratmaq əzmi daim artır. Bircə fakt: son 5 ildə onun ümumi həcmi 200 çap vərəqindən çox olan 7 kitabı nəşr olunmuşdur. Sonuncu kitablarından birinə – «Müstəqilliyin çətin yolu…reallıqlar, düşüncələr»ə (2009) vəfatından qabaq ön söz yazmış xalq şairi Bəxtiyar Vahabzadə göstərir ki, «toxunulan məsələlərlə və bu məsələlərə müəllif münasibəti ilə tanış olduqca, bütün bu yazıların içindən keçən vahid bir xətt görürəm. Bu xətt bunları yazan müəllifin vahid prinsipi, fikri və əqidəsidir. Bu prinsip, bu baxış və bu əqidə məqalədən məqaləyə dərinləşir və əqidə qardaşım Şirməmməd Hüseynovun vətəndaş obrazını tamamlayır. Şirməmmədi yaxından tanıyanlar çox yaxşı bilir ki, onu ömrü boyu tutduğu yoldan və tapındığı əqidədən qoparmaq, heç olmasa bir balaca laxlatmaq belə mümkün deyil. O, inandığına inanır, nifrət etdiyinə sona qədər nifrət edir, sevdiyini isə tərəddüdsüz sevir. Bir sözlə, qələmindən çıxan bütün yazılarının arxasından onun sınmaz, dönməz, əyilməz şəxsiyyəti boylanır».

85 illik yubileyi ərəfəsində isə «Ü.Hacıbəyli. Nəşrlərdən kənarda qoyulmuş mətbu əsərləri»nin I cildi nəşr olunmuşdur. Üzeyirbəy irsinin pərəstişkarı kimi Şirməmməd Hüseynov bu dəfə də alim-vətəndaş mövqeyini ortaya qoyaraq heç kəsdən sifariş, göstəriş və əməli kömək gözləmədən bu gərəkli işi yerinə yetirmişdir.

1904-1912-ci illəri əhatə edən cilddə Ü.Hacıbəylinin bu vaxtadək heç bir nəşrə daxil edilməmiş 116 əsəri yenidən işıq üzü görmüşdür. «Kaspi», «İrşad», «Tərəqqi», «Həqiqət» və «İqbal» qəzetlərində dərc olunmuş bu yazıların əvvəlki nəşrlərə daxil ediliməməsinin səbəbi həmin əsərlərdə qoyulan, dövr üçün «bir növ sərfəli olmayan» və «artıq görünən» mövzu, məsələ, hadisə və problemlərdir.

Şirməmməd Hüseynov şəxsiyyət timsallı pedaqoq, alim-tədqiqatçıdır. O, «çağdaş Azərbaycanın böyük müəllimi və böyük ziyalısı», «dönməz iradə və dərin təfəkkür sahibi», «Azərbaycan mətbuatının vicdanı», «Jurnalistikamızın sərkərdəsi», «Mətbuatşünaslıq elminin babası» kimi epitetlərə layiq görülmüşdür və  hamısı da ona yaraşır.

Şirməmməd müəllimin 85 illik ömür yolunun 18 ili Azərbaycanın müstəqilliyi illərinə düşmüşdür. O, bu fikirdədir ki, azad Azərbaycan səviyyəli, demokratik Azərbaycan jurnalistikasından çox asılıdır.

Jurnalistikamızın, jurnalist təhsilinin təəssübünü çəkmək, sənətimizi yabançı təsirlərdən qorumaq, milli mənafe və milli dəyərlərimizin keşiyində dayanmaq Şirməmməd Hüseynov publisistikasının aparıcı istiqamətlərindəndir.

Bu gün qəzet bolluğu içərisində bir qəzet yoxsulluğu var. İkinci bir sənət sahəsi tapmaq çətindir ki, oraya jurnalistikaya olan qədər müdaxilə edilsin. Şirməmməd müəllim bununla barışa bilmir. Onun sözləridir: «Cahil və nadanın əlinə odlu silah vermək ətraf üçün nə qədər qorxuludursa, siyasi mədəniyyəti, milli qeyrəti, şərəfi olmayan kəmsavadların və qələm dəllallarının əlinə söz silahı, mətbuat orqanı vermək cəmiyyət üçün ondan yüzqat qorxuludur.

…Azərbaycanda demokratik islahatlar və insan hüquqlarının müdafiəsi hərəkatına siyasi naşıları və qələm parazitlərini yaxın qoymaq ən azı tarix və xalq qarşısında məsuliyyətsizlikdir…»

Azərbaycanda ali jurnalistika təhsili və elminin inkişafının 60 illik bir dövrü professor Şirməmməd Hüseynovun adı və məhsuldar elmi-pedaqoji fəaliyyəti ilə bağlıdır. Bu dövrün yetirmələri olan Bakı Dövlət Universitetinin yüzlərlə jurnalist məzunu Şirməmməd müəllimi öz ustadı sayır və yeni gələn jurnalist –tələbə nəsli belə bir ustaddan dərs alması ilə fəxr edir.

«Müəllim – huzurunda əyləşənin könül zəmisini icarəyə alan, ora həqiqət toxumunu, haqq sevdasını, millət və vətən sevgisinin toxumlarını əkən şəxsdir». Şirməmməd müəllim, bu kəlam tədqiqatçı alim kimi daim araşdırdığımız «Füyuzat» jurnalındandır. Sanki bir əsr əvvəl Sizə və Siz timsallı adamlara ünvanlanıb.

Biz tələbələriniz isə bu yubiley günündə demək istəyirik ki, bizlərə keçdiyiniz vətəndaşlıq, milli təəssübkeşlik, mənəvi-əxlaqi saflıq, jurnalistikamıza, mətbuat tariximizə dərin etiram və məhəbbət dərslərinə görə çox sağ olun!

 

Yalçın Əlizadə,

Bakı Dövlət Universiteti

jurnalistika fakültəsinin dekanı,

professor


 

 

 

 

 

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009