Multimedia və elektron kommunikasiya kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Almaz Nəsibovanın elmi seminarı keçirilib.
Kafedra müdiri, professor Allahverdi Məmmədli seminarı açaraq, doktorant və onun elmi mövzusu ilə bağlı seminar iştirakçılarını məlumatlandırıb.
Doktorant A.Nəsibova “Müasir elmi araşdırmalarda media və informasiya savadlılığı, informasiya mədəniyyəti və jurnalist etikası problemləri” adlı məruzə ilə çıxış edib.
Almaz Nəsibova məruzəsində sözügedən məsələnin beynəlxalq mediadakı aktuallığından bəhs edib və Azərbaycanda da geniş araşdırılmasına ehtiyac olduğunu qeyd edib. Onu da vurğulayıb ki, media savadlılığı bu gün media nəzəriyyəçiləri tərəfindən ən çox müzakirə olunan və jurnalistikanın yaşadığı, üzləşdiyi əsas problemlərdən biridir. Doktorantın sözlərinə görə, birbaşa informasiya ötürücüsü sayılan, cəmiyyəti hər zaman məlumatlandıran jurnalistlərin bu istiqamətdə rolu heç kimlə, heç nə ilə müqayisə edilə bilməz. Xəbər, məlumat deyəndə ilk ağıla gələn jurnalist olur. Jurnalist cəmiyyətin informasiya ötürücüsüdür. Onun missiyası fakta əsaslanan məlumatı yaymaqdır.
Bildirib ki, peşəkarlığın ilkin şərtlərindən, əlamətlərindən biri etika kodeksinə malik olmasıdır. Deməli, jurnalistin etika kodeksi media savadlılığının əsas mənbəyidir. Etika kodeksində əsas dəyər peşəkar davranış tələb edən standartların müəyyən olunmasıdır. Etika kodeksi medianı ictimaiyyət qarşısında daha məsuliyyətli edir və bunun nəticəsi olaraq cəmiyyətin mediaya inamını artırır. Dünyanın aparıcı informasiya şəbəkələri, agentliklər, radio və televiziya kanalları etik prinsipləri özündə ehtiva edən “Peşəkar Jurnalistika Standartları üzrə Kodekslər” hazırlayırlar.
Elmi seminarda iştirak edən dekan müavini Sevinc Əliyeva, kafedranın professoru Qulu Məhərrəmlinin sualları doktorant tərəfindən cavablandırılıb. Dosentlər Sevil Həsənova, Aynur Nəsirova, Jurnalistika ETL-in müdiri Aytəkin Zeynalova, müəllimlərdən Arzu İsayeva, Zibeydə Mirzəyeva A.Nəsibovaya elmi fəaliyyətində uğurlar arzulayıblar.