Amerika Birləşmiş Ştatları Dövlət Departamenti tərəfindən dəstəklənən layihə olan “Natiqlər proqramı” çərçicəsində ABŞ Səfirliyinin təşkilatçılığı ilə kiber təhlükəsizlik və kommunikasiya icrası üzrə ekspert olan Mark Pfayfl BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. "Füyuzat" Media Mərkəzində təşkil edilən tədbiri giriş sözü ilə açan ABŞ Səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə müşaviri Riçard Pinkham tələbələri salamlayıb və görüşün keçirilməsinin məqsədi barədə məlumat verib.
Daha sonra ekspert M.Pfayfl korporativ mühitdə istifadə edilən qurğuların kibertəhlükələrdən mühafizəsi, inventarlaşdırılması, yenilənməsi, onlara proqramların quraşdırılması, loqin və parolların kibermüdafiəsi, məlumatı avtomatik təsnifləmək, şifrləmək, təhlükəsiz paylaşma üsullarından bəhs edib. Peşəkar jurnalistin sürətli, dəqiq və qərəzsiz olmasını əsas şərtlərdən hesab edən qonaq müxbir üçün vacib olan məqamlara da diqqət çəkib. Bildirib ki, bunun üçün dil bilgisi, xəbər yazmaq bacarığı, kameradan istifadə etmək imkanı və ən əsası mütaliə vacib elementlərdəndir. M.Pfayfl sosial media, onun ənənəvi media ilə fərqi, Facebook, Tvitter, LinkedIn kimi kimi sosial şəbəkələrdən, onların mənfi və müsbət cəhətləri kimi məsələlərdən bəhs edib. Eyni zamanda, tələbələrə jurnalistlik fəaliyyətindən söz açıb, onları sosial medianın imkanlarından daha aktiv istifadə etməyə çağırıb. Qazet, jurnal və digər nəşr olunan kütləvi informasiya vasitələrinin gələcəyi, sosial şəbəkələrinin jurnalistikaya təsiri və s. mövzusunda maraqlı müzakirə keçirilib.
Sonda qonaq tələbələrin fikir və təkliflərini dinləyib, onları maraqlandıran çoxsaylı sualları cavablandırıb.
![]() |
![]() |
![]() |
![]() |